Berti Foqts: Bəlkə də almanlar bizə pulsuz dərs keçəcək
07.09.2009 - 19:38
Berti Foqts: Bəlkə də almanlar bizə pulsuz dərs keçəcək
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Hannoverin “AWD-Arena” stadionunda mətbuat konfransı keçirib. Apasport.az saytının Hannoverə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, 63 yaşlı çalışdırıcı sentyabrın 9-da dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya ilə keçiriləcək oyunla bağlı Azərbaycandan gəlmiş, eləcə də yerli jurnalistlərin suallarını cavablandırıb.

- Hazırlıq necə gedir? Heyətdə zədəli futbolçular var?
- Finlandiyaya uduzmağımıza baxmayaraq, hazırlığa Lənkəranda başlamışıq. Almaniya ilə oyunda zədəli Rəşad Sadıqovla yanaşı, Rail Məklikov da çıxış edə bilməyəvək. Rail qarşıdakı matça hazır deyil. Əvəzində, cəzası başa çatan Aleksandr Çertoqanov heyətə qayıdıb. Burda hər şey yaxşıdır. Sanki öz evimə qayıtmışam. Rahat otelimiz var. Məşq meydançası da gözəldir. İndi azərbaycanlı jurnalistlər də stadionla tanış olacaqlar. Yəqin ki, bundan sonra onlar Azərbaycanda da belə stadion olmasına dair məqalələr yazacaqlar. Balaca, 30 minlik stadion olsa da yetər, təki belə səviyyəli olsun.

- Almaniya ilə matçda möcüzəyə ümid edə bilərik?
- Futbolda hər şey ola bilər. Biz, eləcə də bütün azərbaycanlılar sadə insanlardır. Üçüncü gün möcüzə yaratmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Amma ola bilər ki, almanlar bizə pulsuz dərs versinlər.

- Almaniya iki gün öncə CAR-a qarşı mübarizə aparıb. Necə düşünürsünüz, Almaniya yığması Azərbaycanla görüşdə həmin taktikanı tətbiq edəcək, yoxsa dəyişiklik olacaq?
- Almanlar bizimlə matçda bir neçə həftə sonra Rusiyaya qarşı oynayanacaqları sistemi tətbiq edəcəklər. Bakıdakı sistemdən yararlanacaqlar: öndə iki hücumçu, onların arxasında Şvaynştayger, Ballak və Troxovski. Çünki gələn ay onları Rusiya ilə səfərdə çətin oyun gözləyir.

- Finlandiya ilə görüşü müqayisə etsək, bu dəfə Azərbaycan milli komandasında hansı dəyişikliklər olacaq?
- Sürpriz gözləyin. Hansısa futbolçu yorğunluq və ya digər səbəbdən oynaya bilməsə, mövqe dəyişikliyi edəcəyəm. Biz görürük ki, azərbaycanlı oyunçular 3 gündən bir matça çıxa bilmirlər. Avroliqada yarışan “Bakı” və “Qarabağ”ın timsalında bunun şahidi olduq. Premyer Liqanın üçüncü turu nə mənə, nə də AFFA-ya görə təxirə salınıb.

- Hələ satışda biletlər var. Azarkeşlərə nə deyərdiniz ki, onlar stadiona gəlsinlər və Almaniya – Azərbaycan matçında tribunada boş yer olmasın?
- Biletlərin hamısının satılmaması məni təəssüfləndirir. Ayın 9-da ev sahibi, Almaniya yığması qalıb gələcək. Ümidvaram ki, sabah və ertəsi günü bütün biletlər satılacaq. Azarkeşlərə demək lazımdır ki, bu, Almaniya komandasının dünya çempionatına yollanmamışdan öncə Hannoverdə son matçıdır. Onların şansları var ki, almanlar futbolçuların çıxışına baxsınlar.

- Siz haradan bilirsiniz ki, Almaniya Rusiyanı qabaqlayıb, qrupda birinci yeri tutacaq?
- Çünki ruslar almanlara hörmətlə yanaşırlar. Rusiya yığması digər rəqiblərə yuxarıdan aşağı baxdığı halda, Almaniyaya qarşı bunu etmir.

- Əgər Almaniya Rusiyaya uduzsa, Azərbaycanın onları dayandıracağına etibar edə bilərik?
- Azərbaycan - Rusiya görüşü xüsusi oyun olacaq. Təkcə nəticəyə və ya Almaniyaya kömək etmək üçün yox, tam başqa məqsədlərlə mübarizə aparacağıq. Bunun siyasi səbəbləri var. Ümid edirən ki, yaxşı nəticə qazanacağıq.

- Bir ildən artıq müddətdə sizin rəhbərliyiniz altında Azərbaycan yığması hansı böyük addım atıb?
- Komandanı demək olar, bütövlükdə dəyişmişəm, yaşlı oyunçularla vidalaşmışam. AFFA öz işini düzgün qurub. Bu heyət qalsa, Azərbaycan komandası 4-5 ildən sonra beynəlxalq miqyaslı oyun göstərəcək.

- Öz işinizdən hansı nəticələr gözləyirsiniz?
- İşimdən razıyam. Həm AFFA-nın prezidenti, həm də baş katiblə münasibətlərimiz yaxşıdır. Bəlkə də Şotlandiyada nəticə qazanmamışam, amam orada indi qazanılan uğurların təməli mənim dövrümdə qoyulub. Azərbaycanda da belə uğurlar əldə olunacaq.

- Siz Azərbaycan yığmasındakı fəaliyyətinizi davam etdirmək istəyirsiniz?
- Buna indi cavab vermək istəyirəm. Mənə digər yerlərlərdən təkliflər gəlsə də, onlar açıq qalıb.

- Almaniya ilə görüşdə keçirəcəyiniz hisslər normal olacaq, yoxsa xüsusi?
- Almaniya mənim vətənimdir. Burada həm oynamışam, həm də məşqçi işləmişəm. Qarşıdakı oyun başqalarından seçilir. Öz vətənimə qarşı mübarizə aparacağam. Amma təəsüflər ki, ayın 9-da dostluq 1 saat yarımlığa dayandırılacaq.

- Ötən ay Bakıda keçirilmiş ilk matçdan nə öyrənmisiniz?
- Həmin oyunu necə başlamışdıqsa, elə də davam edəcəyik. Bizim cavan və aqressiv oyun nümayiş etdirən komandamız var. Yaxşı ki, biz belə qrupa düşmüşük. Almaniya, Uels, Finlandiya ilə görüşlərdən çox şey öyrənirik. 2012-ci ildə Avropa çempionatı Polşa və Ukraynada keçiriləcək. Məsafə azdır, biz ora avtobusla da gedə bilərik.

- Bakıda oyundan əvvəl də Almaniyaya uduzacağımızı qəti bildirmişdiniz. Həmin matçı uduzsaq da, rəqibə ciddi müqavimət göstərdik. İndi də məğlub olacağımızı söyləyirsiniz. Bəlkə bu taktiki gedişdir, siz bu sözlərlə rəqibi arxayınlaşdırıb, onlara ciddi zərbə vurmaq niyyətindəsiniz?
- Almanlar hər şeyi bilərlər. İnanmıram ki, onlarla görüşdə sürpriz edək. Almaniyalı seleksiyaçılar iki dəfə Azərbaycan komandasının oyununu izləyib və hər şeyi öyrəniblər.

- 1996-cı ildə Almaniyanı Avropa çempionu etdikdən sonra bu komanda titula həsrət qalıb. Əgər titul qazanmaq üçün yenidən sizə Almaniya milli komandasının baş məşqçisi postu təklif olunsa, razılaşarsınız?
- Yox, o dövr keçib. Mənim Almaniya Futbol İttifaqının rəhbərliyi ilə çox gözəl münasibətim var. 20 ildən çox onlarla əməkdaşlıq etmişəm. Baş məşqçi yox, Almaniya yığmasında məsləhətçi işləyərəm.
0