Elxan Məmmədov: Almaniya ilə oyunda yüz faiz bilirəm ki... - MÜSAHİBƏ
07.09.2009 - 22:55
Elxan Məmmədov: Almaniya ilə oyunda yüz faiz bilirəm ki... - MÜSAHİBƏ
AFFA-nın baş katibi Elxan Məmmədovun Almaniya - Azərbaycan matçı ilə əlaqədar apasport.az saytının Hannoverə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Yəqin ki, qarşıdakı məsul oyunda milli komandamızın dəstəksiz qalmaması üçün müvafiq tədbirlər görmüsünüz. “AWD-Arena” stadionunda yığmamızı neçə azarkeşin dəstəkləyəcəyi gözlənilir?
- Düşünürəm ki, futbolçularımızı dəstələmək məqsədilə təxminən 300-dək azarkeş gələcək. Bununla bağlı futbol həvəskarları ilə qabaqcadan əlaqə saxladıq. Onlarla münasibət qurduq. Artıq dünəndən etibarən azarkeşlərlə ünsiyyətdəyik. Azərbaycandan buraya 60 fanat gəlib. Hannoverdə yaşayan soydaşlarımızı və Azərbaycanın bu ölkədəki səfirliyinin nümayəndələrini nəzərə alsaq, 300 azarkeşin yığmamıza dəstək verəcəyini söyləmək mümkündür.

- Burada yaşayan türklərin də stadiona gələcəkləri gözlənilir?
- Çox güman ki, türkər də bizi dəstəkləyəcəklər. Çünki Hannoverdə az türk yaşamır. Ümidvarıq ki, onlar da bizdən dəstklərini əsirgəməyəcəklər.

- AFFA rəhbərliyi adətən yığmamızın ölkə kənarındakı oyunlarına xeyli sayda bayraq aparır. Bu dəfə eyni hal olacaq?
- Həmişəki kimi, azarkeşləri bayraqlarla təmin edəcəyik. Çalışacağıq ki, tribunada bayraqların sayı maksimum dərəcədə çox olsun və milli komandamız bundan stimul alsın.

- Futbolçularımız Finlandiyaya məğlubiyyətin stresini ata biliblər, yoxsa psixoloji gərginlik qalmaqdadır?
- Məncə, finlərlə görüş yığmamıza yaxşı təcrübə qazandırdı. Komanda belə oyunlardan nəticə çıxarır. Yığma üzvləri həmin məğlubiyyəyti artıq unudublar və qarşıdakı matça tam hazırdırlar.

- Berti Foqts bu gün keçirdiyi mətbuat konfransında Almaniyaya uduzacağımızı söylədi. Siz necə düşünürsünüz, doğrudanmı indidən məğlubiyyətlə barışmaq lazımdır?
- Yüz faiz bilirəm ki, futbolçularımız ayın 9-da peşəkarcasına çıxış edəcəklər və mübarizə aparacaqlar. Halbuki, bu oyun bizim üçün vacib əhəmiyyət daşımır. Onsuz da komandamız dünya çempionatının final mərhələsinə çıxa bilməyəcək. Amma Almaniya yığması üçün bu, prinsipial matçdır. Almanlar xal itirəcəkləri təqdirdə, qrupda birinci yeri tutmaq şansları xeyli azalacaq. İnanıram ki, milli komandamız rəqibə layiqli müqavimət göstərəcək.
0