Yığmamız Bundestimə qarşı: Foqtsa vətənində güzəşt ediləcəkmi?
08.09.2009 - 11:40
Yığmamız Bundestimə qarşı: Foqtsa vətənində güzəşt ediləcəkmi?
Azərbaycan milli komandasını sabah 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində çətin sınaq gözləyir. Apasport.az saytının məlumatına görə, qrupun autsayderlərdən olan yığmamız Hannoverdə lider Almaniya millisinin qonağı olacaq. Sözsüz ki, görüş ilk növbədə komandamızın baş məşqçisi Berti Foqts üçün prinsipial əhəmiyyət daşıyacaq.

Belə ki, 63 yaşlı alman mütəxəssis həmyerlilərinə, uzun müddət çalışdırdığı milli komandaya qarşı olacaq və bu dəfə vətənində imtahan verəcək. 1990-98-ci illərdə Bundestimə rəhbərlik edən Foqts nəticə qazanmağı bacarıb. Almanlar 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının qalibi olmaqla, növbəti titulunu qazanıb. 1998-ci il Fransada keçirilən dünya çempionatının 1/4 finalında Xorvatiya yığmasına böyük hesablı məğlubiyyətdən (0:3) sonra qovulan Foqtsun ardından Leverkuzenin “Bayer” klubunun sükanı arxasında işi uğursuz alınıb.

Futbolçu karyerasını Mönhenqladbaxın “Borussiya” klubunda keçirən Foqtsun həmin vaxt da əsas uğurları yığmada olub. Belə ki, veteran müdafiəçi 1972-ci ildə Avropa, bundan 2 il sonra dünya çempionluğunu qazanıb. Milli komandasını 1992-ci ildə də Avropa çempionatının finalına çıxaran Foqts həmin vaxt həlledici matçda Danimarka yığmasına uduzub (0:2) və növbəti qitə birinciliyinin həlledici görüşündə Çexiyanı yenməklə (2:1), bunun əvəzini çıxıb. Yeri gəlmişkən, həmin oyunda sonradan meydana çıxaraq, vurduğu iki qolla qəhrəman olan Oliver Birhoff hazırda Almaniya yığmasında menecer vəzifəsində çalışır.

Bütün bunlar nə qədər diqqəti çəkən olsa da, almanların keçmiş baş məşqçisinə, həmyerlisinə güzəştə getməsi anlamına gəlməməlidir. Axı Bundestim 2010-cu il dünya çempionatına birbaşa vəsiqə verən 1-ci yer uğrunda ən yazın izləyicisi Rusiya ilə gərgin mübarizə aparır. Yoahim Lövün baş məşqçisi olduğu Almaniya yığması milli komandamızla görüşdən sonra məhz Rusiya ilə, özü səfərdə (oktyabrın 10-da) çətin, vacib sınaq gözləyir. Şübhəsiz, 1-ci yerin taleyi Moskvada keçiriləcək həmin görüşdə müəyyənləşəcək və almanlar bu oyuna qədər 1 xallıq fərqi qorumalıdır. Deməli, bundestimə nəticə çox lazımdır və milli komandamızı yenməkdən başqa yol yoxdur.

Almanların Foqtsa güzəşti ən yaxşı halda, darmadağın olmadan, yəni elə də böyük fərqlə qalib gəlməməyi ola bilər. Üstəlik, nəzərə alaq ki, Finlandiya ilə oyunda üstünlüyünü əldən verərək sonda uduzan (1:2) yığmamızda psixoloji durum heç də ürək açan deyil və Bundestim bundan da maksimum yararlana bilər. Deməli, Foqts həmyerlilərinə qarşı hazırlıqda bu amilə də xüsusi diqqət yetirməlidir.

Hər iki milli komanda oyuna itkilərlə çıxacaq. Bundestimin əsas qapıçısı, oyunun keçirildiyi Hannover şəhərinin eyni adlı komandasının da şərəfini qoruyan Robert Enke doğma publika qarşısında özünü göstərə bilməyəcək. Buna səbəb onun qripə yoluxmasıdır. Enkeni Rene Adlerin əvəzləyəcəyi daha inandırıcı görünür. Hər halda, Adler gənc həmkarı Manuel Noyerdən daha təcrübəlidir.

Bundestimin əsas qol ümidlərindən olan hücumçular – Lukas Podolski ilə Mario Qomesin zədə ilə bağlı problemləri var. Foqtsun əsas qayğısı isə kapitan, müdafiə xəttinin və ümumilikdə komandanın liderlərindən olan Rəşad Sadıqovun yoxluğu ilə bağlıdır. 27 yaşlı müdafiəçi zədə səbəbindən Finlandiya ilə olduğu kimi, Almaniya ilə görüşü də buraxacaq. Əvəzində Foqts Lənkəranda keçirilən son oyunda kənarda qalan digər arxa xətt oyunçuları – Rail Məlikovla milliləşən ukraynalı Aleksandr Çertoqanovun xidmətindən yararlana biləcək. Hər iki futbolçunun cəzası müddəti başa çatıb.

Düzdür, Foqts son vaxtlar zədədən əziyyət çəkən Raili qarşıdakı oyuna hazır saymadığı üçün onu oynatmaq fikrində deyil. Təsadüfi deyil ki, alman mütəxəssis finlərlə oyundan sonra Məlikovun mövqeyi, yəni müdafiənin sağ cinahında oynayan “Qarabağ”ın üzvü Maksim Medvedevi gənclər yığmasından çağırıb. Əvəzində Foqts yarımmüdafiəçilər Araz Abdullayevlə Cavid İmamverdiyevi millidən gənclər yığmasına göndərib.

Bakı vaxtı ilə 23:45-də başlayacaq Almaniya - Azərbaycan oyununu Anastasios Kakosun başçılıq etdiyi yunanıstanlı hakimlər idarə edəcək. Ona Dimitrios Saraydaris, Spiridon Trifonas və Dimitrios Kalopulos yardımçı olacaq.
0