Qyoko Hacıyevski: Mən hansısa rekorda inanmıram
08.09.2009 - 15:16
Qyoko Hacıyevski: Mən hansısa rekorda inanmıram
“Azərbaycan yığması üçün Almaniya ilə səfər oyunu asan ola bilməz. Əksinə, komandanızı həddən artıq çətin sınaq gözləyir. Reallığı nəzərə alsaq, Azərbaycanın Almaniyadan xal qazanması çox çətin işdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

2 oyunda milli komandamızın sükanı arxasına olan makedoniyalı mütəxəssis bildirib ki, futbolçularımızdan sabahkı oyunda sensasiyaya ümidini itirməsə də, hər halda, rəqibin qələbə qazanacağını daha real sayır: “2010-cu il dünya çempionatına birbaşa qatılmaq üçün almanlar qrup lideri kimi mövqeyini möhkəmlətməyə səy göstərəcək. Onlara qələbə çox lazımdır və buna nail olmaq üçün əllərindən gələni edəcəklər. Almaniyanın qələbə qazanmaq motivasiyası böyükdür. Ancaq onların rəqibi darmadağın edəcəyini düşünmürəm. İnanmıram ki, almanlar Azərbaycanla görüşdə hansısa rekord etmək məqsədi güdsün”.

Hacıyevski Hannoverdə milli komandamızdan yaxşı oyun və qol vurmağı gözləyir: “Güclü rəqibə uduzmaq normal şeydir. Almaniya ilə Azərbaycan yığması arasında səviyyə fərqi böyükdür. Ancaq bununla belə, milli komandanız bütün gücünü ortaya qoymalı, potensialını ortaya qoymalıdır. Hər mövqedə çıxış edən futbolçu üzərinə düşən vəzifəni maksimum yerinə yetirməlidir. Azərbaycan Almaniyada yaxşı oyun göstərməyə və rəqib qapısına yol tapmağa çalışmalıdır”.

Məşqçinin fikrincə, almanların həmyerlisi olan Berti Foqts amili nəticəyə təsir göstərməyəcək: “Hesab etmirəm ki, Foqts amili həlledici olsun. Meydana baş məşqçi yox, futbolçular çıxır və oyunun taleyi daha çox onlardan asılıdır. Futbolçular ötürmələrə diqqət yetirməli, meydanda pressinq etməlidir”.
0