Elnur Allahverdiyevlə Pyotr Troxovskini birləşdirən nədir?
08.09.2009 - 17:52
Elnur Allahverdiyevlə Pyotr Troxovskini birləşdirən nədir?
Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev almanlara qarşı ən çox oynayan futbolçumuzdur. Apasport.az saytının hesablamalarına görə, Ağdamın “Qarabağ” klubunun şərəfini qoruyan Allahverdiyev Almaniya ilə indiyədək baş tutmuş hər 3 görüşdə əvəzedilmədən meydanda olub.

2006-cı il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 21 yaşlılardan ibarət yığmanın (U-21) heyətində alman həmyaşıdları ilə hər 2 rəsmi oyunda iştirak edən Elnurun milli komandamıza qayıdışı bu rəqiblə Bakıdakı görüşə təsadüf etdi. Allahverdiyev həmin oyunda da olduğu kimi, sabah da əsas heyətdə yer alacaq.

Zaqatalanın “Simurq” klubunda çıxış edən hücumçu Daniel Axtyamov da almanlara qarşı hər üç oyunda meydana çıxsa da, dəqiqə baxımından Elnurdan geri qalır. Milli komandamızın baş məşqçisi Berti Foqtsun ilk dəfə çağırdığı yarımmüdafiəçi Rəşad Sadiqov (“Qarabağ”) Almaniyanın U-21-i ilə hər 2, müdafiəçi Vladimir Levin (“İnter”) 1 oyunda forma geyinib.

Foqtsun sərəncamında olan futbolçulardan hücumçu Vüqar Nadirov (“Qarabağ”) həm əsas, 21 yaşlılardan ibarət yığma səviyyəsində Almaniyaya qarşı oynayıb və ümumilikdə 2 dəfə meydana çıxıb. Milli komandamızın əsas qapıçısı Kamran Ağayev də həmin vaxt Almaniyanın U-21-i ilə görüşə çağırılsa da, hər 2 oyunda ehtiyatda qalıb. “Xəzər-Lənkəran”da oynayan Kamran həmin dövrdə 21 yaşlılardan ibarət yığmamızın əsas qapıçısı olan Ruslan Məcidovun əvəzləyicisi idi.

Almaniyaya oyuna çağırılsa da, zədə səbəbindən sonradan heyətdən çıxarılan müdafiəçi Cəmşid Məhərrəmovun (“Bakı”) almanlara qarşı yeganə oyunu Bakıda U-21-lərin görüşündə olub.

Almaniya milli komandasının heyətində olan futbolçulardan da bizə qarşı üç oyunda meydana çıxan var. Bu, “Hamburq” klubunda çıxış edən yarımmüdafiəçi Pyotr Troxovskidir. O da Elnur kimi, hər üç görüşdə əsas heyətdə yer alıb. Bundestimin əsas qapıçısı Robert Enkenin yoxluğunda onu əvəzləyəcək Rene Adler (“Bayer”) yığmamızın Almaniyada yeganə görüşündə də “çərçivə”ni qoruyub.

Qeyd edək ki, almanlarla oyunlar zamanı Azərbaycanın U-21-nə rəhbərlik edən Vaqif Sadıqov hazırda əsas yığmada Foqtsun köməkçilərindən biridir.
0