Hannover: under or over?
09.09.2009 - 03:20
Hannover: under or over?
...Lənkərandakı qorxulu yuxu yadımızdan çıxmamış önümüzü planetin ən güclü komandalarından biri, üç qat dünya və üç qat Avropa çempionu Almaniya kəsib. İndi ən nikbin azarkeşin də Hannoverdən heç olmasa, bir xal gətirəcəyimizə inamı qalmayıb. Elə Berti Foqtsun özünün də. Əslində, almanlarla iki görüşün xal ehtiyatımızı artırmayacağı lap əvvəldən, seçmə mərhələnin püşkü atılan dəqiqədən bəllidir. Amma avqustun 12-də futbolçularımızın Bakıda Almaniyaya qarşı göstərdiyi oyun bizi bir qədər ümidləndirmişdi. 2:0 hesablı qələbəyə baxmayaraq, rəqibin baş məşqçisi Yoahim Löv yetirmələrindən narazılıq etmişdi, alman mətbuatı öz komandalarını “ağ yuyub, qara sərmişdi”. Bunun məntiqi nəticəsi olaraq, yığmamız Finlandiyadan ən azı 1 xal almalı idi. İşləri korlayan da finlər oldu. Yəqin ki, milli komandamızın üzvlərindən bəziləri türkün sözü, 12 minlik tıklım-tıklım dolu Lənkəran şəhər stadionunda 1:0 irəlidə olduqları halda, finlərdən iki top buraxmaqlarını unutmayıblar. Mən buna bənzər qorxulu yuxunu ötən ilin sentyabrında Lixtenşteynlə matç zamanı görmüşdüm. Şair demişkən, yetim insan odur ki, onun yaxınları, qohumları yox, ümidləri ölüb...

Belə arzuolunmaz əhval-ruhiyyə ilə Hannoverə gəlib, 50 minlik “AWD Arena” stadionunda oynamaq həddən artıq çətindir. Ümumiyyətlə, bu şəhər bir o qədər də maraqlı və xoşagəlimli deyil. Küçələri, meydanları gəzərkən Almaniya yığmasının Hannoverə təşrif buyurmasını təsəvvür edə bilməzsən. Sanki burada Almaniya və Azərbaycan milli komandaları arasında rəsmi matç keçirilməyəcək. Bir çox insanlardan “Almaniya Azərbaycanla oynayır? Ayın 9-da? Hə, yadıma düşdü” kimi ifadələr eşitmək mümkündür. Yəni, bugünkü qarşılaşma şəhərin həyatına qəti təsir göstərməyib. Hətta oyunla bağlı afişalar da yox dərəcəsindədir.

Hə, Hannoverdən futbol iyi gəlmir. Gələcəkdə Hannover deyilərkən, ilk növbədə Berti Foqtsun sensasion açıqlamasını xatırlayacağam. Öz vətənində müqəddəs insan kimi qəbul olunan (çünki Almaniya yığması sonuncu titulunu 1996-cı ildə məhz onun rəhbərliyi altında Avropa çempionatında qazanıb) 63 yaşlı çalışdırıcı Hannoverdə keçirdiyi mətbuat konfransında yaxın gələcək haqda o qədər nikbin danışdı ki, azərbaycanlı jurnalistləri heyrət bürüdü. Foqts milli komandamızın 2012-ci il Ukrayna və Polşada keçiriləcək Avropa çempionatına vəsiqə qazanacağına işarə vurdu. Baş məşqçinin bu açıqlaması zamanı alman həmkarlarımızın heç tükləri də tərpənmədi. Dedim axı, onlar Foqtsu müqəddəs sayırlar. Mənə elə gəlir ki, Almaniya mediasının nümayəndələri 3 ay öncə milli komandamızın çalışdırıcısının Kayseridə “Biz Avro-2016-nın final mərhələsində oynamağa iddialıyıq” sözlərindən xəbərsizdirlər. Deməli, 3 aya 4 illik yolu qət etdik.

Gəlin, əyri oturub, düz danışaq. İndi hamımızı bir sual düşündürür: milli komandamız almanlara böyük hesabla məğlub olacaq, yoxsa 1-2 top fərqi ilə? Xüsusilə totalizator həvəskarları “under” (aşağı - oyunda maksimum 2 qol vurulacaq), yaxud “over” (yuxarı - oyunda minimum 3 qol vurulacaq) variantları üzərində baş sındırırlar. Götürün, almanlar, bu oyunu sizə qurban veririk. Halal xoşunuz olsun! Amma bizim futbolçulara dəyib-dolaşmayın, zədələməyin. Gələn ay Lixtenşteynə qalib gəlmək, heyfimizi onlardan çıxmaq istəyirik. Axı, təbiətdə bir qanun həmişə qüvvədədir: güclü zəifi parçalayır!

Aqşin ƏLİYEV
0