Pavel Poqrebnyak: Berti Foqts nə qədər kişilənsə də...
09.09.2009 - 12:02
Pavel Poqrebnyak: Berti Foqts nə qədər kişilənsə də...
“Berti Foqtsun səfərdə Almaniyanı məğlub edəcəyinə söz verdiyini eşitmişəm. Bilmirəm, o, niyə belə edib. Ancaq Foqts nə qədər kişilənsə də, istənilən halda, almanlar qalib gələcək”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən olan Rusiya yığmasının hücumçusu Pavel Poqrebnyak deyib.

Cari mövsümdən “Ştutqart” klubunda çıxış edən futbolçu Almaniyanın milli komandamızı bu gün evdə yenəcəyini şübhə etmir: “Belə proqnoz verməyim ondan irəli gəlir ki, Almaniya yığması səviyyəcə kifayət qədər yüksəkdir. Belə vəziyyətdə daha zəif komanda yalnız favoritin boşalmasına, arxayınlaşmasına, oyuna köklənməməyinə ümid edə bilər. Ancaq almanlarda belə şey sadəcə, olmur. Oyun nizam-intizamı onlar üçün həmişə ən güclü keyfiyyət olub. İstənilən oyuna emosional şəkildə köklənmək isə Almaniya yığmasında hər bir futbolçunun qanındadır. Açığı, Almaniyan mətbuatının Azərbaycanla görüşü xüsusilə qeyd etməsini müşahidə etməmişəm. Orada daha çox, artıq indidən Moskvadakı oyunu xatırladırlar”.

Qeyd edək ki, Poqrebnyakın klub oyundaşlarından Tomas Hitslsperger, Sərdar Taşçı, Sami Hedira və Kakau milli komandamızla oyuna çağırılıb.
0