Birinci divizion klubları cəzasını aldı
09.09.2009 - 12:25
Birinci divizion klubları cəzasını aldı
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yığıncaqda Azərbaycan çempionatının birinci divizionunda keçirilən ilk turun oyunlarında baş verənlər müzakirə olunub.

“Şahdağ” – “Rəvan” oyununun 87-ci dəqiqəsində qonaqların əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan futbolçusu Aqşin Ömərov 1 oyunluq cəzalanıb və klubu 20 manat cərimə olunub.

“Gəncə” ilə ev oyununda 5 futbolçusu sarı vərəqə alan “ABN Bərdə” 100 manat ziyana düşüb. “Ədliyyə” – “Energetik” matçında 4 sarı vərəqə alan qonaqların da cəzası eyni olub. MOİK – “Bakılı” qarşılaşmasında isə 6 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaq komanda 100 manat ödəməli olacaq.

Həmin oyunun 88-ci dəqiqəsində MOİK-in futbolçusu Cavid Rəhimov bilərəkdən rəqibi ayağı ilə vurduğu üçün birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən 2 oyunluq cəzalanan oyunçu klubunu 200 manat xərcə salıb.
0