Tünzalə Ağayeva: Berti Foqtsun hisslərini təsəvvür edirəm
09.09.2009 - 13:21
Tünzalə Ağayeva: Berti Foqtsun hisslərini təsəvvür edirəm
Tanınmış müğənni, respublikanın əməkdar artisti Tünzalə Ağayevanın apasport.az saytına müsahibəsi

- Azərbaycan futbolu haqda hansı bilgilərə maliksiniz?
- Son vaxtlar futbol sahəsində bir sıra işlər görülür ki, bu da məni sevindirir. Vaxtım olanda klublarımızın qitə miqyaslı oyunlarına baxdım. Hiss edirəm ki, futbolumuzda irəliləyiş var. Beynəlxalq görüşlər futbolçularımıza bilavasitə böyük təcrübə qazandırır. Yəni, insan öyrənə-öyrənə böyüyür. Son zamanlar gənc kadrlara önəm verilir. Yəni, tərkib dəyişir. Komandaya daha gənc, fiziki cəhətdən daha güclü, enerjili, perspektivli futbolçular cəlb olunurlar. İstərdim ki, uşaq futbol məktəblərinin sayı çoxalsın və gələcəkdə Azərbaycan futbolu onlardan bəhrələnsin. Mən bu sahədə peşəkar olmasam da, bir tamaşaçı, azarkeş kimi bəzi səhvləri görürəm. Sadəcə, bizim ən qlobal problemimiz hələ də yerində durur. Bu da psixoloji və fiziki çatışmazlıqdır.

- Yəni, futbolçular fiziki cəhətdən çatdıra bilmirlər...
- Bilirsiniz, psixoloji cəhətdən nə qədər güclü olsaq, hazırlıq daha effektli getsə, daha yaxşı olar. Fiziki hazırlıq hər bir idmançı, eyni zamanda futbolçu üçün çox önəmlidir. Bütün bunlar vacibdir və bunu hamımız bilirik. Son vaxtlar komandalarımız keçirdikləri oyunlarda hesabı açan tərəf olsa da, sonradan öz qapısında 2-3 top buraxırlar. Yəni, bunların baş verməməsi üçün arxayınlaşmamalı, sonadək sərbəst oynamalıyıq. Bunun üzərində nə qədər çox işlənilsə, yığmamız, klublarımız, futbolumuz daha çox nəticələr əldə edə bilər. Bildiyiniz kimi, hətta milli komandamızın baş məşqçisi də almandır. Mən onun hisslərini təsəvvür edirəm. Yığmamız elə rəqiblərlə görüşür ki, onlar dünyada tanınmış və çox güclü komandalardır.

- Azərbaycan çempionatında hansını komandanı tanıyırsınız? Onlardan hansını fərqləndirərdiniz?
- (gülür) Hamısı yaxşıdır. Misal üçün, “Qarabağ”ın yaxşı komanda olduğunu bilirəm. Hər halda, iddialıdır. Təbii ki, Tovuzda anadan olduğum üçün doğma “Turan” klubumuza da uğurlar arzulayıram. Bu komandanın uğurlu vaxtları olub. “Xəzər-Lənkəran” çox gözəl oyun göstərib. Doğrudan da adı çəkiləsi bir neçə klubumuz var. “Bakı”nın avrokuboklarda çıxışını izlədim. Çox komanda adı çəkə bilərəm.

- Bəs Avropa səviyyəsində məşhur futbolçumuz var?
- Təəssüf ki, hələ yoxdur (gülür).

- Bəs tanıdığınız?
- Adlarını çəkməkdə çətinliyim var. Sırf futbol pərəstişkarı olmaq istəmişəm, amma bunun dərinliyinə girmədiyim üçün adları əzbərdən bilmirəm. Bəlkə də bu, mənim üçün bir eyib sayılacaq (gülür). Amma təəssüf ki, futbolçularımızın ad-soyadını indi sizə deyə bilməyəcəyəm. Söz verirəm ki, onları daha yaxından tanımağa çalışacağam.

- İndiyədək futbolçularla hansısa tədbirdə olmamısınız?
- Olmuşam, onlarla ünsiyyət də qurmuşam. İstərdim ki, futbolumuzda elə bir ulduzlar parlasınlar ki, onları bütün dünyada tanınsınlar.

- Heç stadionda futbola baxmısınız?
- Olub. İndi həmin oyunu yadıma salacağam. Özü də deyəsən, 2 dəfə olmuşam. Bu da yığmamızın beynəlxalq görüşü idi. İtaliya milli komandası rəsmi oyun keçirmək üçün Bakıya gəlmişdi. Bir də milli komandamızın İngiltərə ilə oyununu tribunadan izləmişəm.

- Almaniya - Azərbaycan matçı barədə proqnoz verə bilərsiniz?
- (gülür) Axı mən futbola proqnoz verə bilmirəm. Hesab 3:1, 2:1 də ola bilər. Yox, 1:1 olmayacaq. Çünki onların qələbə qazanmağa daha çox şansı var. İstəməzdim ki, 0:3 hesabı ilə uduzaq. 0:2 hesabı ilə məğlub olmaq, yenə heç olmasa, dözüləsidir. Mənim üçün ən yaxşısı heç-heçə olardı. Allahdan dua edək ki, heç olmasa qol vuraq. Əlbəttə, milli komandamızın Almaniyada qalib gəlməsi bütün nəinki Azərbaycanda, bütün dünyada şok effekti yaradacaq. Təbii ki, bir azərbaycanlı kimi matçın normal hesabla başa çatmasını istəyirəm. Əlbəttə, yığmamızın vətənə qələbə ilə qayıtmasını arzulayıram. Amma bu bir qədər inandırıcı görünmür.

- Görüşü canlı izləyəcəksiniz?
- Biz Hollandiyaya səfər edirik. İnşallah, harada olsaq, baxacağıq. Bir daha yığmamıza, futbolçularımıza uğurlar arzulayıram.
0