Löv yığmamızla oyundan öncə özündən çıxdı
09.09.2009 - 17:29
Löv yığmamızla oyundan öncə özündən çıxdı
Almaniya futbolunda qalmaqalın əsası qoyulub. Apasport.az saytının məlumatına görə, bu gün axşam Azərbaycan milli komandası ilə qarşılaşacaq Bundestimin baş məşqçisi Yoahim Löv qarşılaşma ərəfəsində bütün narazılıqlarını dilə gətirib.

48 yaşlı mütəxəssis ürəyini boşaldaraq Azərbaycanla görüşün mənasızlaşdığını vurğulayıb: “Bu nədir? Belə oyun olar? Saat 20:45-də başlayan matç kimə lazımdır? Bir çoxları, xüsusilə də uşaqlar belə gec saatda başlayan qarşılaşmanı izləyə bilməyəcək. Bütün Almaniya vətəndaşlarının yığmanın beynəlxalq oyunlarına baxmaq hüququ var. Amma saat münasib deyil. Niyə oyunumuz daha tez başlamır?”

Hannoverin “AWD-Arena” stadionunda keçiriləcək oyuna bütün biletlərin satılmamağından qəzəblənən Lövün atdığı daş sahibini tez tapıb. Matçın başlama saatını müəyyənləşdirməkdə sözü keçən telekanallar məşqçinin cavabını verib. Problem görüşün yayım hüququna yiyələnən ZDF rəhbərliyini də silkələyib. Onlar isə öz növbəsində anlaşdıqları Almaniya Futbol İttifaqının baş katibi Volfqanq Nirşbakı irəli verib: “Bizi bir şey düşündürür. Yığmanın oyununu daha çox adam izləsin. Saat 20:45 isə ən münasib vaxtdır. Matçın erkən başlaması bir milyon tamaşaçı itirməyimizə səbəb olar. Yerli televiziya vasitəsilə matçımızı izləyənlərin sayında kəskin azalma olmamağı üçün ən ideal vaxt seçilib. Buna baxmayaraq, oktyabrın 14-də Finlandiya ilə qarşılaşma saat 18:00-da başlayacaq. Lakin bu heç də Lövün arzuları ilə bağlı deyil”.

Qeyd edək ki, Almaniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
0