Yunis Hüseynov: Bu, mənim üçün fəxr ediləsi nailiyyətdir
09.09.2009 - 23:00
Yunis Hüseynov: Bu, mənim üçün fəxr ediləsi nailiyyətdir
Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- Komandanızın “Qəbələ” ilə qarşıdakı ev oyunu sizin üçün əlamətdar olacaq. Bundan xəbəriniz varmı?
- Bəli. Bizim üçün nəinki “Qəbələ”, bütün oyunlar əlamətdardır.

- Siz nəyi nəzərdə tutursunuz?
- Çünki yaxşı yerlərdən birini tutmaq üçün mübarizə aparırıq. Bu səbəbdən də bütün oyunlara var gücümüzlə çıxmalıyıq ki, istəyimizə çataq.

- Biz “Qəbələ” ilə görüşün əlamətdar olduğunu deyəndə, başqa şeyi nəzərdə tuturuq. Yəni, sentyabrın 12-də Yevlaxda keçiriləcək həmin matç şəxsən sizin üçün əlamətdar olacaq...
- Mənim üçün? Niyə?

- Deməli, səbəbini bilmirsiniz...
- Yox.

- Statistika ilə maraqlanmırsınız?
- Sözün düzü, statistikaya heç baxmıram. Onu düz deyirsiniz. Deyəsən, yubiley oyunumdur, eləmi?

- Bəli, “Qəbələ” ilə görüşdə “Karvan”ın baş məşqçi postunda 150-ci dəfə meydana çıxacaqsınız. Bu da Premyer Liqada çalışan baş məşqçilərin hazırkı klublarındakı göstəriciləri arasında rekorddur...
- Deməli, həmkarlarım arasında bir klubda mənim qədər çalışan olmayıb? Rekordumu yadıma saldığınıza görə sağ olun.

- Ümumiyyətlə, bu göstəricini necə qarşılayırsınız? Adi bir statistika kimi, yoxsa?
- Necə deyirsiniz, elə də qarşılayım da (gülür).

- Hər halda, bu, sizin üçün qürurverici olmalıdır...
- Əlbəttə. Bu, mənim üçün fəxr ediləsi nailiyyətdir. Yadımdadır, 100-cü oyunumda qələbə qazanmışdım. Əlbəttə ki, bunu xatırlayıram.

- Bəs həmin oyundakı rəqibi xatırlamırsınız?
- Xeyr. Amma bilirəm ki, “Karvan”da 100-cü oyunumda qələbə qazanmışdım.

- Saytımızda statistikaya həmişə xüsusi diqqət yetirilir və baş məşqçilərə yubileylər haqda məlumatlar verilir...
- Deyəsən, elə sizdən xəbər tutmuşdum. Yadımdadır, 100-cü oyunumuzu mənə jurnalistlər demişdi. Futbolçularım da həmin yubiley görüşünü mənə hədiyyə etdilər və qələbə qazandılar.

- Sizcə, futbolçular qarşıdakı oyunda da bunu təkrarlaya bilərlər?
- İnşallah. Onlar buna nail olmağa çalışacaqlar. Sağ olun ki, “Qəbələ” ilə görüşün yubiley olmasını mənə dediniz. Mən də öz növbəmdə futbolçularımın yadına salacağam ki, bu, 150-ci oyunumdur.

- Hər halda, Azərbaycan səviyyəsində 150 oyun böyük göstəricidir...
- Əlbəttə ki.

- Bunu rəhbərliyin sizə olan inamı ilə əlaqələndirmək olar?
- Klub rəhbərliyi mənə inanır ki, burada çalışıram. Belə olmasaydı, 5 ildir “Karvan”da işləməzdim.

- Rəhbərlik cari mövsümdə qarşıya hansı vəzifə qoyub?
- Yaxşı yerlərdən birini tutmaq və avrokuboklara vəsiqə qazanmaq.

- Amma yeni mövsümə ardıcıl iki məğlubiyyətlə başlamısınız. Bu, sizi ruhdan salmır ki?
- Dediklərinizdə həqiqət var. Ancaq çempionatda əsas oyunlar, mübarizə hələ irəlidədir.

- Komandanızın potensialı yaxşı yer tutmağa, avrokuboklara çıxmağa imkan verirmi?
- Əlbəttə verir. Buna nail olmağa potensialımız var. Bu baxımdan vəziyyət normaldır. Çempionata pis başlamağımıza gəlincə, bu, təlim-məşq toplanışına gec başlamağımızla əlaqədar idi. Amma indi özümüzə gəlmişik. Komandada vəziyyət qaydasındadır. Hazırda Yevlaxdayıq, məşqlərimizi davam etdiririk. Çempionatda bütün oyunlara ciddi hazırlaşırıq.

- Heyətlə bağlı hər hansı problem yoxdur ki?
- Hansısa problemimiz yoxdur. 3 futbolçumuz yığmadadır. İnşallah, arzu edirəm ki, zədəli gəlməsinlər. Yaxşı vəziyyətdə olsalar, lap əla olar.

- “Karvan”dakı göstəricinizlə bağlı hədəfiniz nədir? Oyunlarınızın sayını neçəyə çatdırmaq istərdiniz?
- İnşallah, nə qədər çox olsa, bir o qədər yaxşıdır.

- Maraqlıdır, indiyədək keçirdiyiniz 149 oyun arasında sizin üçün ən yaddaqalan hansı olub?
- Həddən artıq çox olub. Amma yadıma gələn yaxşı oyunlardan “Karvan”ın ilk mövsümdə Yevlaxda “Turan”ı 4:3, ölkə kubokunda “İnter”i Bakıda 4:1, “Xəzər-Lənkəran”ı evdə 3:0, keçən çempionatda “Bakı”nı səfərdə 3:0 hesabı ilə yendiyimiz görüşü qeyd edə bilərəm.

- Yəqin ki, ən uğursuzlar arasında 2005/06 mövsümündə “Turan”la səfərdə 0:0 hesabı ilə oyunu sayırsınız. Bu, sizə çempionluq bahasına başa gəldi...
- Elədir. Bu da yadda qalan olub ki, çempionluqdan olmuşuq. Amma bu, pis mənada yadda qalıb. Əlbəttə ki, bu, “Karvan”da ən uğursuz oyunumdur.

- Qazandığınız qələbələrin hansını çətin, hansını asan sayırsınız?
- Buna konkret cavab verə bilmərəm. Onu deyə bilərəm ki, çətin qələbələrimizin sayı həddən artıq çoxdur. Ancaq asanları də olub. Bizim komanda güclü olanda zəifləri məğlub etmək asan olub.

- Mövsümlərarası fasilədə transfer siyasətində dəyişiklik edərək, keçmiş futbolçularınızı geri qaytardınız. Hərçənd, potensiallarına bələd olan mütəxəssis kimi vaxtilə onlarla vidalaşmışdınız...
- Bu, o demək deyil ki, onlardan imtina etmişdik. Sadəcə, həmin vaxt nəzərdə tutduğunuz futbolçuların hamısı “Karvan”dan gedərək, digər klublarla müqavilə bağlamışdılar. Onların həmin vaxt bizimlə müqaviləsi bitmişdi.

- Həmin futbolçuları heyətə qaytarmağınız nə ilə bağlıdır?
- Onlara inanıram. Hesab edirəm ki, həmin futbolçuların köməyi ilə nəsə əldə edə biləcəyik.

- Onların arasında adları tanınanlar çox olsa da, əvvəlki formalarından uzaq olanlar da az deyil...
- İndi yavaş-yavaş özlərinə gəlirlər. Yakuba Bamba, Yuri Muzika və digər belə oyunçuların hazırkı durumları pis deyil. Artıq vəziyyətləri normallaşır.

- Cari mövsümdə transfer etdiyiniz Leandro Qomeş “Karvan”a keçəndən sonra milli komandaya çağırılmır. Onu yığmaya hazır futbolçu kimi baş məşqçi Berti Foqtsa məsləhət görə bilərsiniz?
- Qomeş indi normal oynayır. İnanıram ki, bundan da yaxşı çıxış edəcək. Heyəti müəyyənləşdirmək milli komandamızın baş məşqçisinin səlahiyyətində olan məsələdir.
0