Azərbaycan yığması ən intizamsız komandalar siyahısında
10.09.2009 - 15:07
Azərbaycan yığması ən intizamsız komandalar siyahısında
Dünya çempionatının seçmə mərhələsində Almaniya ilə qarşılaşma Azərbaycan yığması üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, milli komandamızın kapitanı Samir Abbasovun meydandan qovulması, yığmanı qitənin ən intizamsızları arasında ön mövqelərə çıxarıb.

Belə ki, Abbasov bu turnirdə komandamızı azlıqda qoyan ikinci futbolçu olub. Ona qədər “fərqlənən” Fabio Luis Ramim Uelslə ötən il sentyabrın 6-da keçirilən görüşdə ikinci sarı vərəqədən sonra meydanı tərk etmişdi. Yığmamızın bu göstəricisi isə Avropa rekorduna bərabərdir. Çünki cari seçmə oyunlarının Avropa zonasında çıxış edən 53 ölkədən yalnız üçü – o cümlədən, Azərbaycan 2 dəfə cütləşmiş sarı vərəqələrin qırmızıya çevrilməsindən əziyyət çəkib.

San Marino və Slovakiya yığmaları da Berti Foqtsun komandası kimi 2 oyunda “sarı+sarı=qırmızı” prinsipinin qurbanı olub. Lakin daha bir futbolçusu birbaşa qırmızı vərəqə alan san-marinolular qovulanların ümumi sayında mütləq “lider”dir. Qarşılaşmaların gedişində 3 dəfə tam heyətlə oynamaqdan məhrum “cırtdanlar”ın ən yaxın 4 izləyicisinin isə hərəyə 2 qovulmuş futbolçusu var.

Azərbaycan və Slovakiya ilə yanaşı, Xorvatiya və Şotlandiya da qitənin ən intizamsız 5 komandası arasındadır. Sonuncu 2 ölkə qırmızı vərəqələrinin birini birbaşa, digərini isə iki sarı vərəqəyə görə alıb.
0