Azərbaycan yığması Frankfurtda kimi udub?
06.10.2009 - 12:37
Azərbaycan yığması Frankfurtda kimi udub?
Azərbaycan milli komandası 124 yaşlı “qoca” ilə görüşüb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsinin oktyabrın 10-da Lixtenşteynlə səfərdə keçiriləcək qarşılaşmasına Almaniyada hazırlaşan yığmamız ilk yoxlama matçında yerli “Neu-İsenburq” klubu ilə üz-üzə gəlib. Komandamızın 2:0 hesabı ilə qalib gəldiyi matçdakı rəqibin kim olması maraq doğurur.

Tam adı “TSG Neu-Isenburg” olan komanda Frankfurt şəhərinin şərq zonasının birinciliyində (Gruppenliga Frankfurt Ost) çıxış edir. 1885-ci ildə yaradılan klub cari mövsümün son çempionat matçında “Germaniya Norbax”la üz-üzə gələrək, qonaqları məğlub edə bilməyib – 4:4. Baş tutan 12 turda 4 qələbə, 3 heç-heçə və 5 məğlubiyyəti olan “Neu-İsenburq” vurduğu 20 topun qarşılığında 22 dəfə rəqibin toplarını tordan çıxarıb. Bu, 15 xala malik komandanın 18 iştirakçı arasında X pillədə qərarlaşmasına imkan verib. Növbəti oyununu oktyabrın 10-da keçirəcək rəqibimiz “Germaniya Rodenbax”ı qəbul edəcək.

“Neu-İsenburq”un mübarizə apardığı çempionat səviyyəsinə görə Almaniyanın VII liqası sayılır. Əslində, VII liqa anlayışı olmasa belə, klubun Bundesliqaya çıxması üçün 6 il lazımdır. Yəni 6 mövsüm ardıcıl olaraq, liqadan-liqaya yüksələcəyi halda frankfurtlular ən güclülər sırasına düşəcək. Almaniya futbolunun liqalar üzrə sistemi aşağıdakı kimi olduğunu vurğulayaq: Bundesliqa – II Bundesliqa – III Liqa – Regionalliqa (3 zonada) – Oberliqa (12 zonada) – Verbandsliqa, Bezirksoberliqa, Landesliqa (ümumilikdə 33 zona) – Regionalliqa (91 zonada). Millimizin rəqibi də ardıcıllığa əsasən VII olan 91 zonadan birində mübarizə aparır.

124 yaşlı klubun rəhbəri Valter Rondholz, baş məşqçisi Dennis Versay, onun köməkçisi Hartviq Krügerdir. Qapıçılarla işləyən məşqçi funksiyasını Lyubo ləqəbli mütəxəssisin yerinə yetirdiyi Frankfurt təmsilçisində türk əsilli futbolçular da var: Rəcəb Sari, Yasin Xalid, Volkan Ərtoğrul. Onlarla yanaşı, klubda italyan, serb, yunan və Afrika əsilli futbolçular da yer alır.