Azərbaycanlı futbolçu üsyan etdi: Daha buna dözə bilmərəm!
06.10.2009 - 13:46
Azərbaycanlı futbolçu üsyan etdi: Daha buna dözə bilmərəm!
Kiyevin “Dinamo” klubunda çıxış edən azərbaycanlı futbolçu Aleksandr Əliyev üsyana qalxıb. Apasport.az saytının məlumatına görə, Ukrayna milli komandasının da şərəfini qoruyan 25 yaşlı soydaşımız “Dinamo”da hazırkı vəziyyətindən narazı olduğunu açıq-aşkar bildirib. Valeri Qazzayevin baş məşqçi postuna təyinatından sonra daha çox ehtiyatda qalan Əliyev ona qarşı belə münasibəti haqsız sayır: “Əgər məni yenə əsas heyətə buraxmayacaqlarsa, daha buna dözməyəcəyəm və dözmək də istəmirəm. Rəhbərliklə danışıb, mənim digər komandaya keçidimə icazə verməsini xahiş edəcəyəm. Moskvanın “Lokomotiv” klubundan təklif gələcəyi təqdirdə, danışıqlar aparacağam. Məni incidən odur ki, məşqçimiz niyə oynamadığımı bir dəfə də olsun mənə izah etməyib. Heç bir zədəm yoxdur, özümü əla hiss edirəm”.

Aleksandra təsir edən digər məqam isə Çempionlar Liqasının son qalibi “Barselona” klubu ilə bu turnirdə keçirilən səfər oyunundan da kənarda qalmasıdır: “Ümid edirdim ki, məni Barselonadakı matça aparacaqlar. Orada oynamağa, komandaya kömək etməyə hazır idim. Mənə belə izah verdilər ki, həyat yoldaşım və yeni doğulan uşağımla olmağıma imkan yaradıblar. Ancaq bu izahat məni qane etmir. Çünki mən peşəkaram və həyatda pulu futbolla qazanıram. Onu qeyd edirəm ki, baş məşqçi ilə bu mövzuda heç bir söhbətim olmayıb”.

Qeyd edək ki, qışda Əliyevi 10 milyon avroya transfer etməyi planlaşdıran “Lokomotiv” ona ildə 3 milyon avro məvacib ödəməyə hazırdır. Aleksandrı sərəncamında görmək istəyən “dəmiryolçular”ın baş məşqçisi Yuri Syomin Kiyev “Dinamo”sunu çalışdırdığı il yarım ərzində onunla birgə çalışıb.
0