Baş məşqçi: Bizə məşq etmək üçün yaxşı şərait yaradılmamışdı – MÜSAHİBƏ
09.10.2009 - 15:03
Baş məşqçi: Bizə məşq etmək üçün yaxşı şərait yaradılmamışdı – MÜSAHİBƏ
Naxçıvanın “Araz” futzal klubunun baş məşqçisi Joze Alesio Da Silva AFFA-nın saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, UEFA kubokunun əsas mərhələsinin Xorvatiyada keçirilən oyunlarındakı qələbə haqda təəssüratlarını açıqlayan braziliyalı mütəxəssis qarşıdakı plan və vəzifələrdən də söz açıb.

- Əvvəlcə, Xorvatiyada keçirilən seçmə oyunlar barədə məlumat verməyinizi istərdik...
- Ümumiyyətlə, yaxşı çıxış etdiyimizi düşünürəm. Əlbəttə, bəzi problemlər var idi. Onlardan qaça bilmədik. Lakin bunların üzərində işləyib həll etmək mümkündür. Əsas odur ki, qrupda birinci pilləni tuta bildik. Bir neçə aydır bu klubun baş məşqçisi işləyirəm. Bu müddətdə həyata keçirdiyimiz işlərin nəticəsini gördük.

- Xorvatiyadakı rəqiblərinizin hansı daha güclü idi?
- Birinci oyundakı rəqibimiz olan “Omoniya”nı güclü saymaq çətindir. Düzdür, zəif də deyildilər, amma əsasən gənc oyunçulardan təşkil olunmuşdu. Ancaq Serbiya və Xorvatiya komandaları güclü idilər. İkinci oyunda serblərlə qarşılaşmada uzun müddət 1:0 hesabı ilə irəlidə idik. Bundan sonra bir neçə qol imkanından istifadə edə bilmədik. Lakin sonra daha 3 top vura bildik. Xorvatlarla qarşılaşmada isə hesabda geri idik. Yalnız sonda iki qol vuraraq hesabı bərabərləşdirə bildik. Bu da onu göstərir ki, hər iki komanda kifayət qədər güclüdür. Qeyd edim ki, Xorvatiya təmsilçisi “Potpikan” da növbəti mərhələyə adladı.

- Qarşınızda qrup mərhələsini ilk pillədə başa vurmaq məqsədi qoyulmuşdumu?
- Bəli. Düzdür, ikinci yeri tutmaqla da elit-raunda çıxmaq mümkün idi. Bununla belə, sona qədər ilk pilləni tutmaq üçün mübarizə apardıq və buna nail olduq.

- Təşkilatçılıq hansı səviyyədə idi?
- Biz oyunların keçiriləcəyi Pulada deyil, başqa şəhərdə qalırdıq. Oraya yolumuz bir saatdan çox çəkirdi. Pula şəhərində otellər çox olsa da, nəyə görəsə biz başqa yerdə qalmalı olurduq. Bu isə əlavə çətinlik yaradırdı. Bizə məşq etmək üçün yaxşı şərait yaradılmamışdı. Misal üçün, oyunların keçiriləcəyi yerdə deyil, tam başqa zalda məşq etməli olurduq. Mən başa düşmədim ki, UEFA buna necə razılıq vermişdi?! İndiyə qədər belə bir şey görməmişdim.

- Hansı futzalçıların oyunundan razı qaldınız?
- Andrey Tveryankin yaşlı olsa da, yaxşı oynadı. Rizvan Fərzəliyev də pis çıxış etmədi. Tyaqo isə istədiyimizi vermədi. O, yaxşı futzalçıdır, lakin tam formada deyil.

- Oktyabrın 13-də elit-raundun püşkatması keçiriləcək. Hansı komandalarla bir qrupa düşmək istərdiniz?
- Bu barədə düşünməmişəm. Digər tərəfdən, elə bir fərqi yoxdur. Çünki hazırda zəif komanda yoxdur. “İntervyu” (İspaniya), “Viz-Sinara” (Rusiya), “Kayrat” (Qazaxıstan), “Luparense” (İtaliya), “Benfika” (Portuqaliya) kimi güclü komandalar var. Ona görə də bu komandaların hansı ilə rəqib olmağımızın fərqi yoxdur.

- Necə düşünürsünüz, final mərhələsinə çıxa biləcəksinizmi?
- Əlbəttə, bu, mümkündür. Aydın məsələdir ki, asan olmayacaq. Çünki azı iki güclü komanda ilə bir qrupda yer alacağıq. Lakin biz sona qədər mübarizə aparacağıq.

- Heyətdə hansısa dəyişikliklər olacaqmı?
- Bu, yaxşı olardı. İstəyirik ki, heyətə daha iki oyunçu cəlb edək. Rene Braziliyaya qayıtdığı üçün onun yerinə bir braziliyalı gələcək. Ondan başqa, bir hücumçu da gətirmək istəyirik. Bu, rusiyalı ola bilər. Ancaq dediyim məsələ hələ konkretləşməyib.

- Siz həm də Azərbaycan yığmasının baş məşqçisisiniz. Bu komanda üçün qarşıda təlim-məşq toplanışları nəzərdə tutulubmu?
- Hazırda güclü komandalarla qarşılaşmaq üçün danışıqlar aparırıq. İstəyirik ki, dekabr ayında Bakıda beynəlxalq turnir keçirək. İspaniya, İran, Rusiya kimi komandaları Bakıya dəvət etmək istəyirik.

- Yanvar ayında yığmanı Avropa çempionatında oyunlar gözləyir. Bu barədə nə deyə bilərsiniz?
- Bir tərəfdən yaxşıdır ki, «Araz» yığmanın bazasıdır və bu klubun beynəlxalq arenada çıxışı milli komanda üçün də hazırlıq xarakteri daşıyır. Çalışırıq ki, orada yaxşı çıxış edək.
0