“Futbolu kağız üzərində deyil, meydanda oynayırlar” - MÜSAHİBƏ
12.10.2009 - 23:19
“Futbolu kağız üzərində deyil, meydanda oynayırlar” - MÜSAHİBƏ
19 yaşadək futbolçulardan ibarət yığma komandamız İsraildə təşkil edilən Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirdiyi hər 2 oyunu qələbə ilə başa vurdu. İsraili 3:0, Polşanı isə 2:1 hesabı ilə məğlub edən yeniyetmə futbolçularımızı Danimarka ilə duel gözləyir. Hazırda qrup lideri olan U-19-un uğur qazanmasında, təbii ki, kapitanın da əməyi az deyil. Bəstəboy olmağına baxmayaraq, meydanın mərkəzində əsl drijorluq edən Mirhüseyn Seyidov texnikalı oyunu ilə yanaşı, rəqib hücumlarının qarşısının alınmasında da öz bacarığını göstərir. “Futbol dünyası” qəzetinə müsahibə zamanı o arxadan qalan oyunlar haqqında danışıb.

- Əvvəlcə Polşa ilə oyun haqqında danışardın. Təəssüratların necədir?
- Təbii ki, oyuna ciddi hazırlaşmışdıq. Polşa yığması da zəif komanda deyil. Üstəlik, İsraili məğlub etdikdən sonra rəqibin bizimlə matça daha yaxşı hazırlaşacağını bilirdik. Komanda olaraq oyunun məsuliyyətini də dərk edirdik. Çünki uğurlu startın davamını gətirmək lazım idi. Düzdür, görüşün gedişində uşaqlarda müəyyən boşalmalar olurdu. Ancaq vaxtında özümüzü toparlamağı bacardıq. Nəticə isə göz qabağındadır. Fikrimcə, Polşa üzərində qələbə futbolumuz adına mühüm hadisədir. İndiyə qədər onları məğlub edə bilməmişdik. Bu dəfə meydandan sevinclə ayrılan biz olduq. Əlbəttə, bu, kollektivin qələbəsidir.

- Oyunda hesabı yığma komandamız açdı. Sonradan üstünlüyün rəqib tərəfə keçməsinin səbəbini nə ilə izah edə bilərsən?
- Qol vurmağımız hardasa bizi bir qədər arxayınlaşdırdı. Təbii ki, rəqib də bundan maksimum istifadə etməyə çalışdı. Hətta müəyyən müddət üstünlük tamamilə onların əlinə keçmişdi. Fasilədən sonra onlar hesabı bərabərləşdirdilər. Qələbə topunu vurmağa çox çalışsalar da, bu, bizə qismət oldu. Əks-hücum təşkil etdik və hesabı xeyrimizə dəyişdik.

- Polşa üzərindəki qələbədə sənin əməyin az olmadı. Qələbə topunu da sən vurdun. Qarşında 2 müdafiəçi olmasına və “çərçivə”ni yaxşı görməməyinə baxmayaraq, toru silkələdin...
- Orxan ötürmə verdikdən sonra bir qədər topla hərəkət edib, qapını yoxlamaq qərarına gəldim. Çünki həmin epizodda ən yaxşı variant “çərçivə”yə zərbə endirmək idi. Həm də qol vuracağımı hiss edirdim. Üstəlik, komandamız ancaq qələbə üçün “vuruşurdu”. Şükürlər olsun ki, istəyimə çatdım. Düzdür, qələbə topunu mən vurdum, amma bu uğurda bütün kollektivin - məşqçilər korpusunun, həkim personalının, administratorun, rəhbərliyin də payı var.

- Rəqibin heyətində yer alan futbolçuların, demək olar, hamısı hündürboylu futbolçular idi. Yəqin ki, belə rəqibə qarşı oynamağım çətin olması fikri ilə razısan?
- Hava mübarizəsində onlar boylarının hündür olmasından istifadə edirdilər. Lakin futbolu göydə deyil, yerdə oynayırlar. Biz də topu yerdə saxlamağa çalışdıq. Onlara sübut etdik ki, biz də futbol oynamağı bacarırıq. Çünki turnirin ilk günündə rəqiblərimizin hamısı bizə autsayder kimi yanaşır, bəzən heç saymırdılar. İndi turnir cədvəlinin zirvəsində biz qərarlaşmışıq.

- Qrup mərhələsinin ilk oyununda isə əsl sürpriz qeydə alındı. İsraildə İsraili udmaq səncə gözlənilən idimi?
- Püşk atıldıqdan sonra çətin qruplardan birinə düşdüyümüzü bilirdik. Bunun məsuliyyətini anladıq. Həm də bu cür turnirlərdə startdan çox şey asılıdır. Qələbə qazanacağın təqdirdə şansın artacaq, uduzacağın anda isə vəziyyətin pisləşəcək. Bunu dərk edirdik və məqsədimiz rəqibin kimliyindən asılı olmayaraq, birinci oyunda qələbə qazanmaq idi. Oyunun əvvəlində həyəcan var idi. Tədricən öz oyunumuzu tapdıq.

- Qolun tez vurulmasının nəticəyə nə kimi təsiri oldu?
- Hesabı açdıqdan sonra onlar irəli atılmağa başladılar. Artıq müdafiədə oturmaq yox, qol vurmaq haqqında düşünürdülər. Əlbəttə, biz də bunu gözləyirdik. Sonra ikinci topu da vurduq. Fasilədən sonra İsrail yığması yenə bir müddət oyuna nəzarəti ələ keçirdi və bizi qapımıza sıxmağa başladı. Uşaqlar bundan çəkinmədilər və dərhal əks-hücumlar təşkil etdik. Hesab 3:0 yox, bir qədər də fərqli ola bilərdi. Sadəcə, imkanlardan tam istifadə edə bilmədik. Səhv etmirəmsə, bu, İsrail üzərində ilk qələbəmizdir.

- Böyükhesablı qələbə qazanacağımız gözlənilən idimi?
- Bu, futboldur. Biz meydana qələbə qazanmaq üçün çıxmışdıq. Bilirdik ki, İsrail futbolunun səviyyəsi yüksəkdir. Ancaq Azərbaycanda da futbol inkişaf edir. Artıq biz də yaradılan şəraitin qarşılığını verməliyik. Futbol oynaya bildiyimizi göstərməliyik. Futbolu kağız üzərində deyil, meydanda oynayırlar. Nəyə qadir olduğumuzu sübut etdik. Bu qələbəmizi Azərbaycan xalqına həsr edirik. Yığmamızın Lixtenşteyn üzərindəki qələbəsi, eləcə də U-19-un ardıcıl 2 güclü rəqibini xalsız qoyması inanıram ki, onları sevindirib.

- Son oyun Danimarkaya qarşı olacaq. Bu oyunda bizi heç-heçə də qane edir. Necə düşünürsən, uşaqlarda arxayınlaşma varmı?
- Ola bilsin, ardıcıl 2 qələbədən sonra müəyyən qədər arxayınlaşma olsun. Ancaq həm məşqçilər, həm də mən kapitan kimi uşaqlarla söhbət aparacağıq. Danimarka ilə oyuna final matçı kimi yanaşacağıq. Çəkdiyimiz zəhmətin hədər getməsi ilə barışa bilmərik.

- Sən U-19-un kapitanı seçildin. Bunun məsuliyyətini anlayırsanmı?
- Əlbəttə, məsuliyyətli işdir. Uşaqlar da mənə dəstək olurlar. Onlar kapitan seçilməyimə heç bir etiraz etmədilər. Bu gün U-19 bir ailədir. Yəni biz birlikdə güclüyük. Bunu komanda üzvləri yaxşı başa düşür və üzərlərinə düşəni maksimum dərəcədə yerinə yetirməyə çalışırlar. Hamı yığmanın uğur qazanmasını istəyir. Meydanda futbolu tək kapitan yox, bütün komanda oynayır.

- Yəqin zəng edib təbriklərini çatdıranlar da olub?
- Bəli, həm ailəmiz, həm klub məşqçilərimiz, həm də tanışlar zəng vurub təbriklərini çatdırıblar. Onlar qələbə qazanmağımız üçün daim dua edirlər.

- Ardıcıl 2 qələbədən sonra uşaqlarda özünəinam artıbmı?
- Sözsüz, qazanılan uğur bizi daha da həvəsləndirib. Artıq 2 ildir U-19 yaxşı oynasa da, elit raunda yüksələ bilmirdi. İnşallah, bu uğursuzluğa son qoyacağıq.
0