Berti Foqts: İstəmirəm ki, azarkeşlər bizi fitə bassınlar
13.10.2009 - 11:06
Berti Foqts: İstəmirəm ki, azarkeşlər bizi fitə bassınlar
Azərbaycan futbol yığmasının baş məşqçisi Berti Foqts bu gün AFFA-nın inzibati binasında mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, 63 yaşlı almaniyalı mütəxəssis sabah dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Rusiyaya qarşı keçiriləcək matç barədə fikirlərini bölüşüb.

- Salameluykum! Biz Almaniyada ciddi təlim-məşq toplanışı keçdikdən sonra oktyabrın 10-da Lixtenşteynlə görüşdük. Onlarla oyunumuz asan olmayıb. İndi biz Rusiyaya qarşı var gücümüzlə hazırlaşırıq. Son matçda zədələnmiş Vüqar Nadirov və Elvin Məmmədovun meydana çıxacağı sual altındadır. Kapitan Rəşad Sadıqov və Saşa Yunisoğlunun forma geyinməyəcəyi isə dəqiqdir. Mənə elə gəlir ki, bu ilin martında Moskvada Rusiya ilə matçda yaxşı oyun nümayiş etdirmişik. Pley-offa vəsiqə qazanması münasibətilə Rusiyanı təbrik edirik. Sabah yaxşı rəqib olmaq istəyirik.

- Sizə elə gəlmir ki, rusların almanlara uduzması işimizi asanlaşdırıb?
- Əksinə, bu, bizə çətinlik yaradıb. Qus Hiddinki yaxşı tanıyıram, o, cavan futbolçulara üstünlük verəcək. Onun komandası Bakıda təzyiq altında olmayacaq, sərbəst oyun nümayiş etdirəcək. Əgər dünya çempionatına vəsiqənin sahibi bilinməsəydi, rusiyalılar həm Azərbaycan yığmasına, həm də təzyiqə qarşı oynamalı olacaqdılar.

- Sabah meydana çıxacağı sual altında olan Vüqar Nadirov və Elvin Məmmədovun alternativlərini müəyyənləşdirmisinizmi?
- Bəli. Alternativ qismində Cavid Hüseynov çıxış edə bilər. Lazım gələrsə, U-21-dən yığmaya futbolçular dəvət edəcəyik. Bununla bağlı yekun qərarı axşam qəbul edəcəyik

- AFFA-nın I vitse-prezidenti Rauf Əliyev sizinlə daha iki illiyə müqavilə bağlamağın məqsədəuyğunluğunu bildirib. Lakin bir şərtlə ki, Azərbaycanda bir qədər də çox vaxt keçirəsiniz. Bu şərti qəbul etməyə hazırsınızmı? Ümumiyyətlə, yeni razılaşma imzalayacaqsınızmı?
- Müqaviləyə görə suallara cavab vermək istəmirəm. Siz bilirsinizmi ki, mən burada nə qədər oluram və hansı oyunlara baxıram?

- Hər halda, AFFA-nın I vitse-prezidenti ölkədə çox olmağınızı arzulayıb...
- AFFA-nın baş katibi Elxan Məmmədov buradadır, ondan soruşa bilərsiniz ki, burada nə qədər oluram, hansı oyunlara baxıram.

- Yığmanın futbolçusu Aleksandr Çertoqanov bukmeyker kontorunda totalizator oyunlarında pul udub. Futbolçularımızın belə işlərlə məşğul olmasına münasibətiniz necədir?
- Bunu onun özündən soruşmağınız lazımdır. Mənə həm meydanda, həm də kənarda yaxşı keyfiyyətlərə malik futbolçu lazımdır.

- Əgər sizə dünyanın ən yaxşı məşqçilərini müəyyənləşdirmək işi tapşırılsaydı birinci yerdə kimi göstərərdiniz: Berti Foqtsu, yoxsa Qus Hiddinki?
- Yoahim Lövü. Çünki onun rəhbərlik etdiyi Almaniya yığması dünya çempionatına birbaşa vəsiqə qazandı. O, mənim şagirdimdir. Bununla yanaşı, Qus Hiddink də mənim gözəl dostlarımdan biridir.

- Rusiyaya qarşı oynayacaq ilk “11-lik” məlumdur?
- Start heyətini özüm bilmirəm. Komandada bir-iki problem var. 4 günə 2 oyun keçirmək çətindir.

- Cəzası başa çatmış Samir Abbasov forma geyinəcəkmi, yoxsa yenə komandanın kapitanı Mahir Şükürov olacaq?
- Samir artıq sıraya dönüb və sabah kapitan o olacaq.

- Rəsmi matçlarda yığmamızın ilk səfər qələbəsi qazandıran baş məşqçi kimi Azərbaycan futbol tarixinə düşmüsünüz. Bu barədə nə deyə bilərsiniz?
- Buna görə sevinmirəm. Azərbaycan ilk səfər qələbəsi qazanmaq üçün bu qədər gözləməməli idi. Burada mən tarixə düşdüm, düşmədim fərqi yoxdur. Əsas odur ki, Azərbaycan futbolu inkişaf etsin. AFFA rəhbərliyinin necə əziyyət çəkdiyini görürsünüz. Aşağı yaş qruplarından ibarət komandalarda uğur qazanırlar. U-19 parlaq nailiyyətlərə imza atdı. Təəssüf ki, U-21-in bəxti gətirmədi.

- Sizin növbəti dəfə futbolumuzun tarixinə düşməyiniz üçün daha bir şansınız var. İndiyədək seçmə mərhələdə maksimum 5 xal toplamışıq. Əgər Rusiyanı məğlub etsək, ən çox xal toplamış məşqçiyə çevriləcəksiniz. Ruslara qalib gələcəyimizə söz verirsinizmi? Azarkeşlər bunu gözləyir.
- Bizim rəqib dünyanın ən güclü kollektivlərindən biridir. İstəmirəm ki, sabah ilk qolu buraxaq və azarkeşlər bizi fitə bassınlar. Bizim cavan komandamız var. Onlar 4 gündə 2 oyun keçirməyə öyrəşirlər. Onların öz klublarına qayıtdıqdan sonra az məşq etmələrəni istəmirəm. Azarkeşlərə isə söz verirəm ki, 90 dəqiqə layiqli müqavimət göstərib, yaxşı nəticə əldə edəcəyik.