Qus Hiddink: Bu dəfə daha güclü Azərbaycan yığması görəcəyik
13.10.2009 - 18:39
Qus Hiddink: Bu dəfə daha güclü Azərbaycan yığması görəcəyik
“Almaniya ilə keçirdiyimiz son oyunda uduzmasaydıq, Bakıdakı görüşə hisslərlə yanaşardıq. Lakin dünya çempionatına birbaşa vəsiqə şansını əldən verdiyimiz üçün əhval-ruhiyyəmiz tam başqadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink deyib.

Dünya çempionatının seçmə mərhələsinin sabah keçiriləcək görüşündə Azərbaycan yığması ilə qarşılaşacaq şimallıların çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib. Hollandiyalı mütəxəssis 3 gün əvvəl Almaniyaya uduzmaqlarının qarşılaşmaya təsirini vurğulayıb: “Çoxları bizim yığmanın ikinci hissədə daha yaxşı oynadığını deyir. Lakin Almaniya ilə görüşdə bu da kömək etmədi. Uduzaraq, qrup birinciliyinə şansımızı itirdik. Buna baxmayaraq, Azərbaycanla matça ciddi hazırlaşmışıq və meydana nəticə üçün çıxacağıq. Almaniya ilə oyundan sonra məşqə də çıxmağa imkanımız olub. Düşünürəm ki, həmin məğlubiyyətin təəssüratlarını arxada qoymuşuq”.

Hiddink yığmamız haqda fikirlərini, həmçinin meydana buraxacağı heyətlə bağlı bəzi məqamları açıqlayıb: “Azərbaycan yığmasının Lixtenşteynlə səfərdəki oyununu izləməmişəm. Buna səbəb Almaniya ilə qarşılaşmağımız idi. Rəqibin Almaniya ilə oyunlar, həmçinin bizimlə Moskvadakı qarşılaşmasına əsasən təhlil etmişəm. Azərbaycan yığması texnikalı oyuna üstünlük verir. Buna uyğun da hazırlaşmışıq. Heyətdə bəzi eksperimentlər edəcəyəm. Xüsusilə də müdafiə xəttində. Debütantlara şans verib-verməyəcəyimi isə matç göstərəcək. Düşünürəm ki, bu dəfə daha güclü Azərbaycan yığmasını görəcəyik. Çünki komandanızın güclü motivasiya olunduğunu bilirəm”.

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun qarşıdakı oyunla bağlı bəzi fikirlərini siyasi adlandıran Hiddink onlara münasibət bildirib: “Bakıdakı oyunda məğlubiyyət haqda düşünmürəm. Amma etiraf edim ki, noyabrdakı oyunlar haqda fikirləşirik. Berti Foqtsun bu matça siyasi don geyindirməsinə gəlincə, bir şey deyə bilərəm, mən idman adamıyam, siyasətçi deyiləm”.
0