“O fikirləşsə ki, evdə oturub maaş alacaq...”
14.10.2009 - 16:43
“O fikirləşsə ki, evdə oturub maaş alacaq...”
“Rauf Mehdiyevi komandadan kənarlaşdırmamışıq. Ancaq onunla anlaşmanın pozulması gündəmdədir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.

Ötən yay “Olimpik”dən transfer olunan Rauf Mehdiyev yalnız Avroliqada İsrailin “Bney Yehuda” klubu ilə oyunlarda iştirak etsə də, daxili yarışlarda debüt etməyib. Zədə problemi ilə üzləşən 33 yaşlı qapıçı milli komandadan da kənarda qalıb. Məmmədovun fikrincə, futbolçunun zədəsi olsa belə, işinə peşəkarcasına yanaşmalıdır: “Misal üçün, sabiq qapıçımız Taras Çopik zədəli olduğu halda, “Muğan”la oyunda demək olar bir ayaqla dayanmışdı. Yəni, futbolçu özündə güc tapmalıdır. Mehdiyevdə Kamran Ağayevdəki kimi ciddi zədə, belində ağrılar yoxdur ki, uzun müddət kənarda qalsın. Özündən çox şey asılıdır. İşinə biganə yanaşsa, fikirləşsə ki, evdə oturub hər ay maaş alacaq, yanılır. Bizim klubda belə şey yoxdur”.

Məmmədov qapıçının taleyinə yaxın günlərdə aydınlıq gələcəyini bildirib: “Vəziyyəti müzakirə edəcəyik. Baş məşqçinin adından deyə bilmərəm, ancaq şəxsən mən Raufun transferinə görə böyük peşmançılıq keçirirəm. Söhbət heç də onun milli komandanın üzvü olmasından getmir. Bunu qoyaq kənara. Gərək klubunda oynasın ki, sonradan yığmaya dəvət olsun”.

Məsələ ilə bağlı apasport.az saytına açıqlama verən Mehdiyev bildirib ki, komandasına kömək etmək istəsə də, zədəsi buna imkan vermir: “Milli komandanın düşərgəsində aldığım zədə ucbatından kənarda qalmışam. Dabanımdakı zədə problem yaradır. Məşqlərdə iştirak edirəm, Gürcüstan toplanışına da qatılmışdım. Ancaq ağrılar oynamağıma imkan vermir. Elə zədədir ki, cərrahiyyə əməliyyatına ehtiyac yoxdur. Sağalmağı gözləmək lazımdır. Tiflisdən qayıdandan sonra komandadan ayrılsam da, müqaviləmiz pozulmayıb. Məşq etdiyim müddətdə maaşımı almışam. Onsuz da indi elə dövrdür ki, “transfer pəncərəsi” bağlıdır, başqa kluba keçə bilmərəm”.