“FİFA-nın Türkiyədə Azərbaycan bayrağına qadağa qoymasına nə haqqı var?”
14.10.2009 - 17:25
“FİFA-nın Türkiyədə Azərbaycan bayrağına qadağa qoymasına nə haqqı var?”
“FİFA-nın Türkiyə - Ermənistan oyununda Azərbaycan bayrağına qadağa qoymasından xəbərim yoxdur. İnanmıram ki, FİFA belə qərar çıxarsın”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın sabiq prezidenti Fuad Musayev deyib.

1992-2003-cü illərdə AFFA-ya rəhbərlik etmiş Musayev ali futbol qurumunun Türkiyə və Ermənistan yığmaları arasında bu gün Bursada keçiriləcək rəsmi oyunda Azərbaycan bayrağına qoyulan qadağa haqda saytımızdan xəbər tutub. Məsələ ilə bağlı münasibətini bildirən AFFA-nın sabiq başçısı təəccübünü gizlətməyib: “FİFA-nın nə vecinə ki, Bursada kimin bayrağı qalxacaq? Ali futbol qurumu nəyə görə belə qərar çıxarsın? Məncə, bunu türklərin özləri ediblər. Bilirlər ki, Azərbaycan xalqı bayrağımızın həmin görüşdə dalğalanmasının qadağa qoyulmasına narazılığını bildirəcək. Belə olan halda, qərarın FİFA-ya məxsus olduğunu deyiblər. Bunu etməyə nə var ki?”

Musayev bildirib ki, FİFA-nın belə qərar çıxarmasını ilk dəfə eşidir: “FİFA-nın Türkiyədə Azərbaycan bayrağına qadağa qoymasına nə haqqı var? Sadəcə, bunların hamısı oyundur. Bunu gözdən pərdə asmaq üçün ediblər. Sabah desinlər ki, bu qərarı biz yox, FİFA qəbul edib. Axı bu məsələ 10 gündür qalxmışdı. Əvvəl dedilər ki, bayrağımız Bursada qalxmayacaq. Sonradan yerli hakimiyyət çıxış etdi ki, biz buna qadağa qoymuruq. İndi də deyirlər ki, FİFA belə qərarı verib. FİFA niyə bu məsələyə müdaxilə edir? Hansı əsasla? Mən minlərlə stadionda olmuşam, amma belə halla rastlaşmamışam”.