Respublika stadionundakı davanın səbəbi bilindi - EKSKLÜZİV
15.10.2009 - 00:41
Respublika stadionundakı davanın səbəbi bilindi - EKSKLÜZİV
Polis dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Rusiya yığmaları arasında keçirilmiş matçda baş verən hadisələrlə bağlı araşdırmalara başlayıb. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, oyunun birinci hissəsində rusiyalı və azərbaycanlı azarkeşlər arasında yaşanan gərginliyin ilkin səbəbləri məlumdur: “Öncə Rusiyadan gəlmiş futbol həvəskarları bizim azarkeşlərin oturduğu tribunaya 3-4 partlayıcı maddə atıb. Buna cavab olaraq, həmyerlilərimiz onlara 1-2 oturacaq tullayıblar. Daha sonra azarkeşlər arasında toqquşma baş verib. Müvafiq orqanların əməkdaşlarının səyi nəticəsində hadisənin böyüməsinin qarşısı alınıb. Hazırda polis faktla bağlı araşdırma aparır. Ümumiyyətlə, bəzən tribunalarda belə hallar yaşanır”.

Qeyd edək ki, Azərbaycan - Rusiya görüşündə (1:1) qonaq komandanı təxminən 300 azarkeş dəstəkləyib.
0