“İnter” – “Bakı” derbisi: Yenə qol vuran qalib gələcək?
21.10.2009 - 11:47
“İnter” – “Bakı” derbisi: Yenə qol vuran qalib gələcək?
Azərbaycan Unibank Premyer Liqasında təxirə salınmış III tura sabah yekun vuracaq “İnter” – “Bakı” matçı son iki ölkə çempionunun qarşıdurması kimi diqqəti çəkir. Apasport.az saytının hesablamalarına görə, prinsipial rəqiblər sayılan paytaxt təmsilçilərinin derbi görüşlərində maraqlı statistik məqamlar yetərincədir.

Əvvəla, “İnter”lə “Bakı”nın oyunları az məhsuldarlığı ilə seçilir. Təsadüfi deyil ki, bu komandalar arasında indiyədək çempionatda keçirilən 10 görüşdə cəmi 9 qol vurulub. Göründüyü kimi, hər oyuna orta məhsuldarlıq 1 topdan da azdır. Bundan əlavə, bu rəqibləri qarşılaşmasında adətən yalnız bir komanda qol vurur və buna nail olan meydanı qalib tərk edir. Görüşlərdə indiyədək yalnız üç hesab – 0:0, 1:0 və 2:0 qeydə alınıb. Bunlardan ən populyarı 1:0-dir ki, bu, baş tutan görüşlərin yarısı qədər olub. Yeri gəlmişkən, “İnter”in ev oyunlarını keçirdiyi “Şəfa” stadionunda “Bakı” ilə son dörd ildəki görüşlərdə bir qayda olaraq 1:0 hesabı qeydə alınır. Özü də bunların 3-də qonaqlar qələbə qazanıb.

Statistikaya nəzərə salsaq, “İnter” üçün “Bakı”nın arzuolunmaz rəqib olduğunu görmək olar. Təsadüfi deyil ki, çempionatdakı 10 oyunun 6-da bu komanda qalib gəlib, 3 matç qolsuz heç-heçə nəticələnib və yalnız birində “bankirlər” qələbəni bayram edib. “İnter” – “Bakı” derbisi bu dəfə yeni baş məşqçilərin görüşü kimi tarixə düşəcək. Yəni, çempionluq qazanan ukraynalı Valentin Xodukinlə makedoniyalı Qyoko Hacıyevski istefa verdikdən sonra klublarında qalsalar da, hər halda, artıq baş məşqçi deyillər. Onları cari mövsümdə əvəzləyənlər isə gürcü Kaxaber Sxadadze ilə türkiyəli Bülənt Korkmazdır.

Məşqçilərdən söz düşəndə, “İnter”də “Bakı” ilə görüşən Xodukinlə yanaşı, onun həmyerlisi Anatoli Konkov olub. “Bakı”da isə Hacıyevski ilə yanaşı, onun azərbaycanlı həmkarları Əsgər Abdullayevlə Böyükağa Hacıyev yada düşür. Rəqiblərin ölkə kubokunda yeganə görüşü final oyununa təsadüf edib. Bu, 2005-ci ilin mayında olub və Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin görüşdə əlavə vaxtda 2:1 hesabı ilə qalib gələn “Bakı” ilk titulunu qazandı. Onun digər titulları iki dəfə çempionluqdursa, “İnter” buna bir dəfə nail olub.

“İnter”də “Bakı” ilə ilk oyunlarda iştirak etmiş yeganə futbolçu milli komandamızın da üzvü olan 25 yaşlı ukraynalı müdafiəçi Vladimir Levindir. “Bakı”da isə belə oyunçular kapitan Rafael Əmirbəyov, vitse-kapitan, seneqallı qapıçı Xalidu Sissoko və argentinalı hücumçu Fernando Peresdir. Hər iki komandada oynamış iki futbolçudan Mahmud Qurbanovu xüsusilə qeyd etmək lazımdır. Ən titullu futbolçumuz olan 36 yaşlı Mahmud “İnter”lə çempion olduqdan (2007/08 mövsümü) sonra ötən mövsümün ortasında “Bakı”ya keçdi və bu komandada da qızıl medal qazandı. Bu, təcrübəli yarımmüdafiəçinin karyerasında 10-cu çempionluq oldu. Yığmamızın da üzvü olan milliləşən ukraynalı yarımmüdafiəçi Aleksandr Çertoqanovun karyerasında ilk klub məhz “Bakı” olub. Cari mövsümdən “İnter”də çıxış edən 29 yaşlı futbolçu indiki komandasına 4 il öncəki final oyununda qalib gəlməklə, ölkəmizdə ilk titulunu, yəni Azərbaycan kubokunu qazanıb.

Qeyd edək ki, “İnter”lə “Bakı”nın varisləri müvafiq olaraq “Xəzər Universiteti” və “Dinamo” klublarıdır. Onlar 2004-cü ilin yayından hazırkı adları altında çıxış edirlər.

“İnter” və “Bakı” klublarının milli çempionatlarımızda görüşləri

2004/05 mövsümü

“İnter” – “Bakı” – 0:0
“Bakı” – “İnter” – 2:0

2005/06 mövsümü
“İnter” – “Bakı” – 0:1
“Bakı” – “İnter” – 1:0

2006/07 mövsümü
“İnter” – “Bakı” – 0:1
“Bakı” – “İnter” – 2:0

2007/08 mövsümü
“İnter” – “Bakı” – 1:0
“Bakı” – “İnter” – 0:0

2008/09 mövsümü
“İnter” – “Bakı” – 0:1
“Bakı” – “İnter” – 0:0
0