Daha bir futbol klubumuz fəaliyyətini dayandırır
28.10.2009 - 00:00
Daha bir futbol klubumuz fəaliyyətini dayandırır
Azərbaycan çempionatının birinci divizionunda mübarizə aparan Neftçalanın “ANŞAD-Petrol” klubu tarixin yaddaşına köçə bilər. Bu haqda məlumatı apasport.az saytına klubun vitse-prezidenti Vidadi Məmmədov verib. Onun sözlərinə görə, son tur ərəfəsində Peşəkar Futbol Liqasına müraciət edib 2 matçının təxirə salınmasını istəyən neftçalalılar bu addımı məcburiyyətdən atıblar.

“Klubun təsisçisi olan “ANŞAD-Petrol” şirkəti fəaliyyətini dayandırıb. Komandanın bütün maliyyə xərclərini də bu şirkət öz üzərinə götürürdü. “ANŞAD-Petrol”un yoxluğunda isə komandanın taleyinin necə olacağını bilmirik. Ləğv olunan şirkətin yerində “Neftçala Operatinq Kompani” fəaliyyət göstərəcək. Lakin onların neft şirkəti ilə bağladığı sazişdə sosial məsələlərə yer yoxdur. Yeni qurum yalnız neft və qaz məsələlərinə baxır. Bu səbəbdən futbol klubu onlara lazım deyil. Lakin şirkətdən bizə deyiblər ki, aidiyyatı qurumlardan biri komandanı götürə bilər. Biz də gözləyirik. Bunun üçün AFFA və PFL-ə müraciət edib vaxt istədik. Yəqin ki, ayın sonunadək məsələyə aydınlıq gələcək. Futbolçularımız da məşq edib, hazırlaşır, təsisçi məsələsinin müsbət həllini gözləyir”.