Allan Lalin “Xəzər-Lənkəran” klubu ilə müqaviləsini artırmaq istəyir
28.10.2009 - 10:02
Allan Lalin “Xəzər-Lənkəran” klubu ilə müqaviləsini artırmaq istəyir
“Xəzər-Lənkəran” klubunun futbolçusu Allan Lalin Honduras mətbuatının diqqətindən düşmür. Apasport.az saytının məlumatına görə, mərkəzi amerikalı hücumçunun Unibank Premyer Liqasında hər oyununa yer ayıran həmkarlarımız cənubluların yeni transferinin məhsuldarlığından məmnundur.

“Xəzər-Lənkəran”da keçirdiyi son 4 matçın 3-də qol vurmaqla, 5 dəfə fərqlənən Lalinin ümumilikdə 6 görüş keçirməsini, həmçinin komandasının ən yaxşı bombardiri olmasını vurğulayan honduraslılar milli komandanın sabiq futbolçusu ilə danışmağı da lazım bilib. Okeanın o tayından Lənkərana edilən zəngə cavab verən futbolçu bu məhsuldarlığın son hədd olmadığını bildirib: “Komanda ilə bir illik müqaviləm var. Lakin anlaşmanı daha bir illik uzadacağımız da mümkündür. Şükür Allaha ki, düzgün seçim etmişəm. Burada işlərim əla gedir. Hücumçu kimi əsas işim qol vurmaqdır ki, yeni komandamda da bunun öhdəsindən gəlirəm”.