Emil Cabbarov: Biz İrana sanki qonaq yox, işləmək üçün getmişdik
28.10.2009 - 15:55
Emil Cabbarov: Biz İrana sanki qonaq yox, işləmək üçün getmişdik
“İki oyunda uduzan məşqçi səfərdən razı qala bilməz. Amma ümumilikdə, İranda keçdiyimiz təlim-məşq toplanışı xeyrimizə oldu, müsbət nəticələr əldə etdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycanın çimərlik futbolu üzrə yığmasının baş məşqçisi Emil Cabbarov deyib.

İranda təşkil olunmuş təlim-məşq toplanışının yekunları barədə danışan çalışdırıcı qonşu ölkədəki şəraitdən gileylənib: “İranda şərait çox pis idi. Başa düşə bilmədik ki, orada bizə niyə belə münasibət göstərdilər? Sanki biz ora qonaq yox, işləmək üçün getmişdik. Xüsusilə meydançanın vəziyyətindən razı qala bilməzdik. Çünki meydançada daş çınqılları nəzərə çarpırdı. Demək olar ki, çimərlik futbolu meydançasında deyil, asfalt üzərində oynayırdıq”.

Cabbarov bildirib ki, hazırlıq prosesində bir sıra futbolçular yaxşı təsir bağışlayıblar: “Əvvəlcədən dediyimiz kimi, təlim-məşq toplanışında əsas məqsədimiz gəncləri sınaqdan keçirmək idi. Buna görə də nəticə arxa planda qalmışdı. Artıq bundan sonra kimləri milli komandaya yenidən çağıracağımı, kimlərəsə isə ehtiyac olmayacağını müəyyənləşdirmişəm. İranda Emin Kürdovun hazırlığı çox xoşuma gəldi. Bundan başqa, Renat Sultanovu da bəyəndim, onun yaxşı futbol savadı var”.

Baş məşqçi qarşıdakı planlara da toxunub: “Noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünya çempionatı keçiriləcək. Azərbaycan Çimərlik Futbolu Federasiyasının rəhbərliyi ilə məsləhətləşdikdən sonra həmin yarışa baxmağa gedəcəyəm. Eyni zamanda, Dubayda məşqçilik kursları keçməliyəm. Milli komanda noyabrda Bakıda təlim-məşq toplanışında olacaq. Əsas diqqət atletik hazırlığa yönəldiləcək. Hazırda akrobatika məşqçisi axtarırıq. Başlıca məqsədimiz yazadək güclü, döyüşkən kollektiv formalaşdırmaqdır”.

Qeyd edək ki, yığmamız İran komandasına yoldaşlıq görüşlərində 0:3 və 2:7 hesabları ilə uduzub.