Diniyev: Azərbaycanlı futbolçuların “Terek”ə keçməsi gündəmdə deyil
28.10.2009 - 17:17
Diniyev: Azərbaycanlı futbolçuların “Terek”ə keçməsi gündəmdə deyil
“Mən də istəyirəm ki, futbolçularımız “Terek”in heyətində yer alsınlar. Ancaq məsələnin bu il reallaşması gündəmdə deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında Rusiyanın “Terek” klubunun baş məşqçi əvəzi Şahin Diniyev deyib.

Diniyevin Qroznı təmsilçisinin sükanı arxasına keçməsindən sonra yığmamızın üzvləri Vaqif Cavadovla Mahir Şükürovün da “Terek”ə keçəcəyi barədə xəbərlər gündəmə gəlib. Rusiya ilə görüşdə rəqib qapısına qol vuran 20 yaşlı Cavadov məhz Diniyevin vaxtında əsas yığmamızda debüt edib: “Konkret adlar haqda danışmaq düzgün olmazdı. Adlar dəyişə də bilər. İlk növbədə hansı mövqelərə futbolçu lazım olduğunu dəqiqləşdirməliyik. Bundan sonra konkret transferlər haqda danışmaq olar. İstənilən halda, bu, gələn il baş verə bilər. Əvvəl dediyim kimi, indi başımız çempionat oyunlarına qarışıb. Vaxtı gələndə bu məsələ ilə məşğul olacağıq”.

“Terek”lə müqaviləsi bu ilin sonunda başa çatacaq həmyerlimizin də taleyinə aydınlıq gəlməlidir: “Buna mövsüm bitəndən sonra baxacağıq. Klub rəhbərliyi var və onlar qərarını verəcək. İndiki çətin vəziyyətdə əsas komandanın baş məşqçi postunu mənə tapşırdılar və mən də bu etimadı doğrultmağa çalışıram. Mövsüm başa çatandan sonra rəhbərliklə danışıqlarımız olacaq”.

Diniyevin sərəncamında olan futbolçulardan Şamil Lahiyalov vaxtilə aşağı yaş qruplarından ibarət yığmamızda oynayıb. Dağıstanlı hücumçu Rusiya Premyer Liqasında da öz sözünü deyib: “Lahiyalov milli komandamızda oynaya bilər. Vaxtilə yığmamızda çıxış edib, indi də Azərbaycan pasportu var. Ancaq indi kömək edə bilməz. Bunun səbəbi var. Belində zədəsi olan Lahiyalovun üzləşdiyi ciddi problem öz sözünü deyir. Bir müddət öncə onun namizədliyi üzərində mən də dayanmışdım. Ancaq indiki məqamda belindəki zədə iki cəbhədə, yəni həm klubda, həm də yığmada oynamasında çətinlik yaradır. Ancaq gələcəkdə tam sağaldıqdan sonra Lahiyalova dəvət göndərmək, xidmətindən yararlanmaq olar”.