Milli komandamızın baş məşqçisi 0:4-ə görə kefini pozmadı
29.10.2009 - 09:41
Milli komandamızın baş məşqçisi 0:4-ə görə kefini pozmadı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) baş məşqçisi Oliver Pelzer Avropa çempionatının ilkin seçmə qrup mərhələsinin ikinci turunda yetirmələrindən razı qalıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, yığmamız İngiltərəyə 0:4 hesabı ilə uduzsa da, almaniyalı mütəxəssis meydanda baş verənlərə üzülməyib.

Pelzer komandamızın mübarizə aparmasından, əzmkarlıqdan məmnun qalmaqla yanaşı, meydanda səviyyə fərqinin də olduğunu düşünür: “0:4 hesabı ilə məğlub olmağımıza baxmayaraq, sona qədər mübarizə apardıq. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Oyun göstərdi ki, biz son matçda Qazaxıstanı məğlub edib elit-raunda yüksələcəyik. Erkən əvəzetməyə gəlincə, bu addımı müdafiəni gücləndirmək məqsədilə atdıq”.

Qeyd edək ki, hazırda U-17 1 xalla qrupda 3-cü pillədə qərarlaşıb. Ön sıraları isə İngiltərə (6 xal) və Serbiya (4 xal) yığmaları tutub.