Ukraynalı mütəxəssis: Azərbaycandan gələn təklifi qəbul etmədim
29.10.2009 - 10:12
Ukraynalı mütəxəssis: Azərbaycandan gələn təklifi qəbul etmədim
Ukrayna milli komandasının sabiq baş məşqçisi Yozef Sabo Azərbaycandan dəvət alıb. Apasport.az saytının məlumatına görə, həm futbolçu, həm də məşqçi karyerasının böyük hissəsi Kiyevin “Dinamo” klubu ilə bağlı olan 69 yaşlı ukraynalı mütəxəssisə ölkəmizdə işləmək təklifi edilib. Ancaq buna müsbət cavab verməyən Sabo bu yaşda olmasına baxmayaraq, hələ məşqçilik karyerasını bitirmək fikrində deyil.

“2007-ci ildə infarkt keçirdiyimdən, “Dinamo”nun baş məşqçi postunu tərk etsəm də, indi səhhətimlə bağlı hər şey qaydasındadır. Məni Macarıstan milli komandasına rəhbərlik etməyə dəvət edirdilər. Ancaq həmin vaxtda “Pro” kateqoriyalı məşqçilik lisenziyam yox idi. Azərbaycandan da mənə zəng gəlmişdi, cavabım müsbət olmadı” - deyə Sabo vurğulayıb.

O, Ukraynadan getmək istəmədiyini və çaxırı xoşladığını da söyləyib: “Etiraf edim ki, hələ iki-üç il də işləmək istərdim. Ancaq bu yaşda Ukraynadan getmək... Bilirsiniz, heç vaxt siqaret çəkməmişəm. Alkoqolu az qəbul edirəm. Əlbəttə, sizinlə 50 qram konyak içə bilərəm. Ancaq bundan artıq yox. Çaxırı isə uşaqlıqdan içirəm. Macarıstanda anadan olduğum kənddə bu, adi haldır. Zirzəmidə təbii çaxırlar var idi. Onlar zəifdirlər... İndi bir qədəh gürcü çaxırını məmnuniyyətlə içərdim”.

Qeyd edək ki, futbolçu karyerası dövründə “Dinamo”nun heyətində 4 dəfə SSRİ çempionu, iki dəfə SSRİ kubokunu qazanan Sabo “Neftçi”nin hücumçusu Anatoli Banişevski ilə birgə SSRİ yığmasında oynayıb. Onlar 1966-cı ildə İngiltərə keçirilən dünya çempionatının bürünc mükafatçısı olublar. Sabo SSRİ-nin əməkdar idman ustası, Ukraynanın isə əməkdar məşqçisidir.