Yunis Hüseynov Vaqif Sadıqova nəyi “sürpriz” edə bilər? - ARAŞDIRMA
31.10.2009 - 15:00
Yunis Hüseynov Vaqif Sadıqova nəyi “sürpriz” edə bilər? - ARAŞDIRMA
Bakının “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqovun tələbələri ilə görüşü davam edir. Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis Qurban Qurbanov (“Qarabağ”) və Ramiz Məmmədovdan (“Qəbələ”) sonra Unibank Premyer Liqasının növbəti turunda Yunis Hüseynovla (“Karvan”) üz-üzə gələcək. Tale elə gətirib ki, “Neftçi”nin Tofiq Bəhramov adına Respublika stadionuna qayıdışı “Karvan”la görüş öncəsi baş tutub. Sadıqovla Hüseynovu isə bu məkanla bağlı xoş xatirələr bağlayır. Onlar mərkəzi arenamızda böyük uğurlar qazanıblar ki, bu da məhz “Neftçi”də baş verib.

“Karvan”ın ilk baş məşqçisi kimi tarixə düşən Hüseynovun futbolçu karyerasının böyük hissəsi məhz “ağ-qaralar”la əlaqədardır. 44 yaşlı veteran futbolçu flaqmanın heyətində iki il Sadıqovun rəhbərliyi altında çıxış edib. 1993-1995-ci illərə təsadüfən həmin vaxtda “Neftçi” Azərbaycan kubokunu, çempionatın bürünc medalını qazanıb, avrokuboklarda debüt edib, bu mötəbər yarışda xal qazanan ilk klubumuz kimi tarixə düşüb. Bütün bunlarda əməyi olan Hüseynov Sadıqova məşqçilik seriyasında birinci titulu bəxş edib. Belə ki, yarımmüdafiəçinin 1995-ci ilin mayın 28-də Mingəçevirin “Kür-Nur” klubu ilə Respublika stadionunda keçirilən Azərbaycan kubokunun final oyununun (1:0) 78-ci dəqiqəsində vurduğu yeganə qol “Neftçi”ni qalib edib. Bu, “ağ-qaralar”ın kolleksiyasında ilk ölkə kuboku olur və elə həmin il ora daha bir kubok əlavə olunur: flaqman Azərbaycan Superkuboku uğrunda oyunda son ölkə çempionu Tovuz “Turan”ını oyunsonrası penalti seriyasında üstələyir.

Sadıqovla Hüseynovun yolları iki il sonra artıq milli komandamızda kəsişir. Hələ Sadıqovun dönəmində “Neftçi”nin kapitanı olmuş Hüseynov yığmada da onun vaxtında sarğını daşıyır. O, bu məşqçinin rəhbərliyi altında milli komandada 16 görüşdə 3 qol vurub. Yeri gəlmişkən, Hüseynovun həm yığmamızda vurduğu qollar, həm də sonuncu oyunu Sadıqovun vaxtına təsadüf edib. Vida görüşü 1998-ci il sentyabrın 5-də Slovakiya yığması ilə səfərdə keçirilən Avropa çempionatının seçmə mərhələ oyununa (0:3) təsadüf edib.

Qeyd edək ki, Hüseynovun Sadıqovla baş məşqçi kimi ilk görüşü təkcə müəllim-tələbə qarşıdurması kimi prinsipial xarakter daşımır. 2004-cü ilin yayında yaranan “Karvan” “Neftçi” ilə indiyədək keçirdiyi qarşılaşmaların heç birində qələbə qazana bilməyib. Yəni Hüseynov həsrətə son qoymaqla, həm ilkə imza atmış, həm də keçmiş çalışdırıcısına baş məşqçi kimi bacarığını göstərib, ona sürpriz edə bilər.