Ramal Hüseynovun problemi nədir?
02.11.2009 - 10:44
Ramal Hüseynovun problemi nədir?
Azərbaycan milli komandasının sabiq futbolçusu Ramal Hüseynovun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ilə bağlı problemi var. Apasport.az saytının məlumatına görə, “Standard” klubunda çıxış edən futbolçu komandasının öz meydanında keçirdiyi oyunlarda uğursuzluğa düçar olur. Məsələ burasındadır ki, 25 yaşlı yarımmüdafiəçi Unibank Premyer Liqasının IX turunun “Olimpik-Şüvəlan”la qarşılaşmasında meydandan qovulmaqla, mövsümdə ikinci dəfə bu stadionu başıaşağı tərk edib. Görüşün 79-cu dəqiqəsində sarı vərəqə alıb, ardından etiraz etməsinə görə birbaşa meydandan kənarlaşdırılan Hüseynov bu çempionatda cəmi 5-ci oyununu keçirirdi. Bu matçların da 3-ü Sumqayıtda baş tutub. Ramal cəmi 43 gün əvvəl, sentyabrın 19-da Mehdi Hüseynzadə adına stadionda “Neftçi” ilə oyunda da qırmızı vərəqə almışdı. Hakim görüşün 52-ci dəqiqəsində ona ikinci sarı vərəqə göstərmişdi.

Yarımmüdafiəçi “gənclik şəhəri”ndə oynanılan “Simurq”la qarşılaşmada meydandan qovulmasa da, həmin vaxt sarı vərəqə almışdı. Bir sözlə 43 gün fasilə ilə 2 dəfə qovulan Hüseynovun meydanda olduğu 5 oyun, yəni 401 dəqiqə ərzində “bacardığı” budur. Deyəsən, yeni komandasında qol vurmağı Ramal unudub.

Onu da qeyd edək ki, Ramal hakimlərin cari mövsüm göstərdiyi 16 qırmızı vərəqədən 2-nə “sahib çıxan” ilk futbolçu deyil. “Karvan”ın yarımmüdafiəçisi Markos Ferreyra 25 gün fasilə ilə 2 dəfə meydandan qovulmuşdu. Braziliyalı sentyabrın 26-da “Standard”la matçın 90-cı, oktyabrın 21-də “Turan”la oyunun 84-cü dəqiqəsində qırmızı vərəqə alıb.