“Neftçi”nin sabiq futbolçusu qovuldu
02.11.2009 - 12:16
“Neftçi”nin sabiq futbolçusu qovuldu
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Svetoslav Stefanov Sofiya MOİK-indən qovulub. Apasport.az saytının məlumatına görə, Bolqarıstanın ən titullu klubundan qeyri-müəyyən müddətə kənarlaşdırılan 9 futbolçu arasında ölkəmizdə çıxış etmiş 31 yaşlı yarımmüdafiəçi də var. Belə sərt qərarın səbəbi açıqlanmasa da, hər halda, bu günlərdə yerli mətbuatda maraqlı xəbər dərc olunub. Xəbərdə deyilir ki, MOİK-in bəzi futbolçuları gecə klubunda spirtli içki qəbul edərkən nəzərə çarpıblar.

Ordu klubunun baş məşqçisi Lyuboslav Penev futbolçuların kənarlaşdırılması ilə bağlı qərarını “Liteks”ə uduzduqları oyundan (0:2) bir neçə saat sonra açıqlayıb. Komandadan uzaqlaşdırılan 9 futbolçudan 4-ü Bolqarıstan milli komandasının üzvləridir: İvan Karacov, İvan İvanov, Kiril Kotev və Pavel Vidanovdur. Hazırda yığma üzvləri olmayan Stefanovla yanaşı, Yordan Todorov, Todor Timonov, braziliyalı Markinyos və portuqaliyalı David Silva da MOİK-dən uzaqlaşdırıblar.

Qeyd edək ki, “Neftçi”yə 2006-cı ilin qışında gəlmiş Svetoslav elə debütdə “Birlik kuboku”nu qazanıb. Növbəti il “ağ-qaralar”ın heyətində milli çempionatımızın gümüş medalına yiyələn bolqar futbolçu heyətə düşə bilmədiyi üçün Çinin “Çanqçun Yatay” klubuna icarəyə verilir və orada ölkə çempionluğunu əldə edir. İcarə müqaviləsi bitdikdən sonra “Neftçi”yə qayıdan Stefanov ötən il bürünc mükafata sahib çıxıb. Svetoslav bu ilin yayında müqaviləsinin müddəti uzadılmadığı üçün vətəninə dönüb və bir vaxtlar da formasını geyindiyi MOİK-lə anlaşıb.