Hansı azərbaycanlı futbolçular “Bavariya” klubuna yollanıb?
02.11.2009 - 15:40
Hansı azərbaycanlı futbolçular “Bavariya” klubuna yollanıb?
Almaniyanın “Bavariya” klubunun düşərgəsində hazırlıq keçən azərbaycanlı futbolçuların sayında və heyətində dəyişikliklər edilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, assosiasiya ilə Münhen təmsilçisi arasında mövcud əməkdaşlıq çərçivəsində aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının 4 futbolçusu Almaniyada məşqlərə başlayıb. Həmin razılığa əsasən, U-17-dən Hacı Əhmədov və Rəhman Hacıyev, U-19-dan isə Tərlan Quliyev və Tural İsgəndərov noyabrın 1-dən dekabrın 8-dək “Bavariya” klubunun bazasında təlim-məşq toplanışında iştirak edəcək.

Xatırladaq ki, ilkin olaraq 4 deyil, 2 həmyerlimizin Münhenə yollanacağı planlaşdırılırdı. 19 yaşadək futbolçulardan ibarət yığmanın və Bakının “Neftçi” komandasının üzvləri - yarımmüdafiəçi Mirhüseyn Seyidov və müdafiəçi Tərlan Quliyev “Bavariya”nın düşərgəsinə yollanmalı idi. Quliyevdən fərqli, Seyidov siyahıdan çıxarılıb və onun əvəzinə daha 3 oyunçu Almaniyaya üz tutub.