Azərbaycan - Rusiya matçındakı qalmaqalla bağlı FİFA-dan növbəti addım
02.11.2009 - 17:29
Azərbaycan - Rusiya matçındakı qalmaqalla bağlı FİFA-dan növbəti addım
Yaxın vaxtlarda FİFA Nizam-İntizam Komitəsi 2010-cu il dünya çempionatının seçmə qrup oyunları çərçivəsində Azərbaycan və Rusiya milli komandaları arasında oktyabrın 14-də keçirilmiş matçda baş verənlərlə bağlı qərar verəcək. Apasport.az saytının məlumatına görə, bu barədə lent.az-a AFFA-ya yaxın mənbələrdən məlumat verilib. Ali futbol qurumu görüşün polşalı komissarı Stanislav Spejikin raportu ilə tanış olduqdan sonra qarşılaşmanın videoyazısını istəyib.

AFFA da öz növbəsində həmin videokaseti FİFA-ya göndərib. Spejik oyunla bağlı raportunda tribunadakı insidentin rusiyalı azarkeşlərin günahı üzündən baş verdiyini yazıb. Bu səbəbdən, matçın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionuna ciddi cəzanın kəsiləcəyi gözlənilmir. Yalnız AFFA-ya kiçik məbləğdə cərimənin kəsiləcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan - Rusiya matçının 30-cu dəqiqəsində qonaqlar üçün ayrılan sektorda oturan 300-dək rus fanat azərbaycanlı azarkeşlərin olduğu sektora tüstü şaşkaları atıblar. Nəticədə 2 nəfər yaralanıb. Bundan sonra tərəflər əlbəyaxa olublar.

Vəziyyətin gərginləşdiyini görən polis və xüsusi təyinatlı qüvvələr güc tətbiq etməyə məcbur olublar. Polis işçiləri özlərini həddən artıq aqressiv aparan “qonaqlar”ı döyə-döyə yerlərinə qayıtmağa məcbur edə biliblər. İnsident 5-7 dəqiqə davam edib. İkinci hissənin əvvəlində rusiyalılar üçün ayrılan sektor xüsusi təyinatlı qüvvələr tərəfindən mühasirəyə alınıb. İnsidentlə bağlı heç kim tutulmayıb.

Xoşagəlməz hadisə nəticəsində stadionda 70-dək plastik oturacaq sındırılıb, arenaya 2000 manatadək ziyan dəyib. Oyun isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.