Bakıda qol vuran futbolçu Avropada hamıdan populyar imiş
03.11.2009 - 10:56
Bakıda qol vuran futbolçu Avropada hamıdan populyar imiş
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2009-cu ilin ən populyar futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğunun ilkin nəticələrini açıqlayıb. Apasport.az saytının məlumatına görə, internet vasitəsilə azarkeşlər arasında keçirilən səsvermədə 352 mindən artıq respondent iştirak edib.

Sorğunun ilkin nəticələrinə əsasən, “Xəzər-Lənkəran”ın honduraslı hücumçusu Allan Lalinin sabiq komanda yoldaşı Karlos Alberto Pavon 98877 səslə liderliyi ələ alıb. Honduras yığmasında və “Real Espana” klubunda Allanla çiyin-çiyinə oynamış, lakin Lalindən fərqli, hələ də bu komandalarda çıxış edən Pavon ən yaxın izləyicilərini böyük fərqlə arxada qoyub.

İkinci yerdə olan Li Jinju (Çin, “Şandun”) 33356, üçüncü olan braziliyalı Aleks (Braziliya, “Spartak” Moskva) 20390 səs toplayıb. Hələlik 17168 azarkeşin sevimlisi olan rusiyalı Andrey Arşavin isə IV sırada qərarlaşıb. Azərbaycan və Rusiya milli komandalarının ötən ay Bakıda keçirilən oyununda qol vuran “Arsenal”lı hücumçu ilkin nəticələrə əsasən ən populyar avropalı futbolçudur. Ən populyar türk futbolçusu olan Arda Turan isə cəmi 583 səslə 38-ci pillədə qərarlaşıb.