Yığmamızın 4 üzvü Bekkenbauerin yanında
04.11.2009 - 12:00
Yığmamızın 4 üzvü Bekkenbauerin yanında
Almaniyanın “Bavariya” klubunun düşərgəsinə təlim-məşq toplanışına yollanmış azərbaycanlı futbolçular hazırlıqlarını davam etdirirlər. Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisinin heyətində yer alan 4 həmyerlimizə məşq keçən mütəxəssislərin adları müəyyənləşib. Yeniyetmə futbolçularımızdan ikisi Bekkenbauerin rəhbərliyi altında hazırlaşırlar. Lakin bu, məşhur Frans Bekkenbauerin özü yox, onun oğlu Stefandır. 41 yaşlı kiçik Bekkenbauer “Bavariya”da 17 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisidir. Frans Bekkenbauer isə Münhen klubunun prezidentidir. “Bavariya”nın düşərgəsinə yollanmış U-17 yığmamızın iki üzvü Hacı Əhmədov və Rəhman Hacıyev məhz Stefan Bekkenbauerin məşqlərinə qatılıb. Digər iki futbolçumuz - Tərlan Quliyev və Tural İsgəndərovun 19 yaşı olduğundan, onları Kurt Niedermayer çalışdırır. Təlim-məşq toplanışı 1 noyabr - 8 dekabr aralığında nəzərdə tutulub.