Böyükağa Hacıyev “Standard”ın futbolçusunu komandadan qovdu
04.11.2009 - 13:06
Böyükağa Hacıyev “Standard”ın futbolçusunu komandadan qovdu
“AFFA-nın İntizam Komitəsi məni cəzalandırsa da, “Turan”la bugünkü kubok oyununda iştirak edə bilərdim. Bildiyiniz kimi, yeni mövsümdən tətbiq edilən qaydaya görə çempionatda alınan qırmızı vərəqələr kuboka şamil olunmur. Ancaq baş məşqçimiz Böyükağa Hacıyev məni cəzalandırdığı üçün komandadan kənarda qalmışam”. Bu sözləri apasport.az saytına açıqlamasında Sumqayıtın “Standard” klubunun futbolçusu Ramal Hüseynov deyib.

Karyerası ərzində xeyli sayda vərəqə (o cümlədən qırmızı vərəqə) alan 25 yaşlı Ramal intizamsız futbolçu adlandırılmasını istəmir. Premyer Liqanın 9 turunda iki dəfə qırmızı vərəqə ilə cəzalandırılan Hüseynov bununla da, cari mövsümün antirekordçusu olub. Özü də maraqlıdır ki, bəstəboy oyunçu hər iki halda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda meydandan qovulub: “Görünür, bu stadion mənə düşərli deyil. Razıyam ki, artıq ilk dövrədə iki qırmızı vərəqə almaq çoxdur. Ancaq digər tərəfdən, belə alınmasında komandamızın uğursuz çıxışının da təsiri var. Cəmi 2 xal yığmışıq və üst-üstə toplanan gərginlik sonda meydanda öz sözünü deyir. Mən də uduzmağı heç sevmirəm və emosiyalarımı cilovlaya bilmədiyim üçün belə alınır. Bu, özümdən asılı deyil. Lakin konkret axırıncı turda “Olimpik-Şüvəlan”la oyuna gəlincə, baş hakim təkcə məni yox, hər ikimizi meydandan çıxarmalı idi. Hər halda, mən rəqibi söyməmişdim, mübahisəmiz olmuşdu. O, isə yalnız mənə qırmızı vərəqə göstərdi”.

“Olimpik-Şüvəlan” “Standard”la oyunda (1:0) qələbə topunu məhz Ramalın meydandan qovulmasından sonra vura bilib. Futbolçu vurğulayıb ki, özünü məğlubiyyətdə əsas günahkar hesab etmir: “Mən də istəməzdim ki, belə olsun. Hər halda, bunun acısını çəkirəm. Böyükağa müəllim mənə cəza verib, məşqlərdən də çıxarıb. Bəlkə də “Olimpik-Şüvəlan”la oyundan sonra klubdaxili iclasın keçirilib, amma bunu bilmirəm. Çünki baş məşqçimiz “Turan”la oyuna hazırlaşan heyətdə mən yer verməyib, təlim-məşq toplanışına da aparmayıb”.

Hacıyevin rəhbərliyi altında “Bakı”da da oynamış Hüseynov ona ümid bəsləyir. O, elə litvalı sabiq baş məşqçi Valdas İvanauskasdan da razı qalıb: “İvanauskas yaxşı məşqçi, yaxşı insan idi. Onun haqqında pis fikrim yoxdur. Sadəcə, İvanauskasın da biz futbolçular kimi bəxti gətirmədi. Turnir cədvəlinin sonunda yer alsaq da, zəif oyun göstərmirik. Sadəcə, bəxtsizliklə üzləşmişik və bunun nəticəsində hələ də qələbə qazana bilməmişik. İvanauskasdan ilk növbədə nəticə tələb olunduğu üçün gedəsi oldu. Onu əvəzləyən Böyükağa müəllimin gələn oyunlarda öz bacarığını göstərəcəyinə inanıram. Bizi bu çətin vəziyyətdən çıxarsa, o çıxaracaq”.