İki möhtəşəm matçda Azərbaycan bayraqları
05.11.2009 - 10:45
İki möhtəşəm matçda Azərbaycan bayraqları
Çempionlar Liqasının qrup mərhələsinin IV turunun qarşılaşmaları bizlər üçün əlamətdar olub. Bu oyunların ən azı ikisində - Türkiyə çempionu “Beşiktaş”ın Almaniyanın “Volfsburq”, “Rubin”in (Rusiya) isə İspaniya “nəhəng”i “Barselona” ilə görüşlərində soydaşlarımız iştirak ediblər, Azərbaycan bayraqlarını dalğalandırıblar.

Xüsusilə “Beşiktaş”ın matçında üçrəngli bayraqlarımız çox olub. Soydaşlarımız “İsmət İnönü” stadionuna bayraqlarımızla yollanıb, bu müqəddəs varlığı nümayiş etdirməyi özlərinə borc biliblər. Belələrindən biri də Türkiyədə təhsil alan azərbaycanlı tələbə Elnur Şərifli olub. Gənc və istedadlı həmyerlimiz “İsmət İnönü”də bayrağımızı tribunadan da asmağı da bacarıb.

Kazanın Mərkəzi stadionunda keçirilən “Rubin” - “Barselona” matçında da qürurverici anlar yaşaya bildik. Oyun zamanı mənfi 4 dərəcə şaxta olmasına baxmayaraq, tribunalardakı bayraqlar arasında üçrəngli bayrağımızı da görmək mümkün idi. Təbii ki, Azərbaycan bayrağının uzaq Kazanda dalğalanmasını soydaşlarımızın əzmkarlığı ilə əlaqələndirmək lazımdır. Bundan başqa, Tatarıstan Muxtar Respublikasının müsəlman ölkəsi olması, eləcə də “Rubin”də türk futbolçular Gökdəniz Karadəniz və Hasan Kabzenin də forma geyinmələri azərbaycanlıları stadiona yollanmağa həvəsləndirib. İstənilən halda, dünyanın dörd bir yanına yayımlanan qarşılaşmalarda Azərbaycan bayrağını görmək fəxrlə qeyd olunmalıdır.