Bakıdan getdi, Rusiyada çempion oldu
05.11.2009 - 10:53
Bakıdan getdi, Rusiyada çempion oldu
Rusiya çempionatının birinci divizionunda mövsümə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Mahaçqalanın “Anji” klubu aşağı dəstədə çempion adını qazanaraq, yenidən Premyer Liqaya qayıdıb. Maraqlıdır ki, çempion heyətdə ötən mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş futbolçu da yer alıb. Söhbət “Standard”ın və Rusiya yığmasının sabiq oyunçusu Alan Kusovdan gedir.

Artıq 5 aydır “Anji”nin düşərgəsində olan yarımmüdafiəçi bu müddət ərzində cəmi 27 dəqiqə forma geyinib. Keçirdiyi hər 3 qarşılaşmada sonradan meydana çıxan (1, 2 və 24 dəqiqə) Kusovun komandası ilə yanaşı, “Sibir” də gələn il güclülər sırasına mübarizə aparacaq.

Qeyd edək ki, Rusiya Premyer Liqasına vəsiqə qazanan hər 2 komanda 2009-cu ildə Antalyadakı təlim-məşq toplanışında Azərbaycan klubları ilə görüşüb. “Bakı” (0:0), “Karvan” (2:5) və “Standard” (1:0) “Anji”ni, “İnter” (0:2) ilə “Neftçi” (1:0) isə “Sibir”i sınağa çəkib. Nəticədə “Standard”la “Neftçi”nin qalib gəldiyi klublar Premyer Liqaya yüksəlib.