“Xəzər-Lənkəran”ın futbolçusu bombardirlər yarışında zirvəyə yüksəldi
05.11.2009 - 11:26
“Xəzər-Lənkəran”ın futbolçusu bombardirlər yarışında zirvəyə yüksəldi
“Xəzər-Lənkəran” klubunun braziliyalı futbolçusu Mario Souza bombardirlər yarışında liderliyi ələ keçirib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumameylli yarımmüdafiəçi ölkəmizdə iki ilə yaxındır çıxış etdiyi dövrdə ilk het-trikini Salyanın “Muğan” klubu ilə Azərbaycan kuboku uğrunda Lənkəranda keçirilən 1/8 final mərhələsinin ilk oyununda gerçəkləşdirib.

Bununla da, Souza həm komandasının ölkə kubokunun yeni mövsümünə qələbə ilə başlamasına yardımçı olub, həm də turnirin ən sərrast futbolçuları sırasında yuxarı pilləyə yüksəlib. Het-trik üçün braziliyalıya “Muğan”la görüşdə 37 dəqiqə (30-cu, 53-cü və 67-ci dəqiqələrdə) kifayət edib. Mario eyni zamanda hazırkı ölkə kuboku uğrunda yarışda ilk het-trikin müəllifi kimi də tarixə düşüb.

Ümumiyyətlə, bu 3 qol 2009/10 mövsümündə ikinci het-trik olub. Maraqlıdır ki, bunların hər ikisi qısa zaman kəsiyində “Muğan”la oyunlarda baş verib. Premyer Liqanın ötən həftəsonu keçirilən son turunda “Turan”ın hücumçusu Samir Musayev het-trik sayəsində salyanlıları məğlub etmişdi – 3:2. Özü də həm Souza, həm də Musayev eyni qapıçını - Edis Kurtanoviçi məyus ediblər. Ölkəmizdə ilk mövsümünü keçirən bosniyalı qapıçı uzun müddət qol buraxmasa da, indi əvvəlki kimi etibarlı deyil. Samir və Marionun het-trikləri arasında müqayisə apardıqda braziliyalı üstün durumdadır. O, Kurtanoviçin qapısına 37, Musayev isə 44 dəqiqəyə 3 dəfə yol tapıb.

Souza ölkə kubokunun bombardirlər yarışında “Bakılı”dakı həmkarı Fuad Əliyevə çatıb. “Bakılı”nın 1/8 final mərhələsinin ilk görüşündə “Bakı”ya 0:6 hesabı ilə uduzduğunu nəzərə alsaq, ölkə kubokunda mübarizəni davam etdirə bilməyəcəyi artıq indidən bəllidir. Belə olan halda, Fuad turnirin ən sərrast oyunçusu olmaq uğrunda mübarizədə üstünlüyünü artıra bilməyəcək. “Xəzər-Lənkəran”ın isə “Muğan”la dueldə qalib olmaq şansı kifayət qədər yüksəkdir və deməli, Souza vahid liderə çevrilə bilər.

Qeyd edək ki, kubokun bombardirlər siyahısında hərəyə 2 qol vuran Timur Dadaşovla (MOİK) Fəxrəddin Mürvətovun (“Anşad-Petrol”) komandaları artıq mübarizəni dayandırıblar. Ancaq digər dubl edənlər hələ turnirdə öz sözlərini deyə bilərlər. Bunlar arasında ən şanslı Anatoli Doroşu saymaq olar. “Olimpik-Şüvəlan”ın 25 yaşlı moldovalı hücumçusu Premyer Liqada vurduğu 6 qolla bombardirdir. Yəni kubokda göstəricisini də nəzərə alsaq, hesabında 8 top olan Doroş cari mövsümün ən sərrast futbolçusudur. Özü də kubokda “Qəbələ”yə iki dəqiqəyə (73, 74) iki qol vuran Anatoli cari mövsümdə ən erkən dublun müəllifi olub. Kubokda iki top vurmuş Samir Əliyevlə braziliyalı Feliks Felipe Almeyda cari mövsümdə qol hesablarını dublla açıblar.

Azərbaycan kubokunun cari mövsümünün bombardirləri:
Mario Souza (“Xəzər-Lənkəran”) – 3
Fuad Əliyev (“Bakılı”) - 3
Bronislav Çervenka (“İnter”) – 2
Samir Əliyev (“Neftçi”) – 2
Anatoli Doroş (“Olimpik-Şüvəlan”) - 2
Feliks Felipe Almeyda (“Bakı”) – 2
Fərid Quliyev (“Standard”) - 2
Timur Dadaşov (MOİK) - 2
Fəxrəddin Mürvətov (“Anşad-Petrol”) - 2