Korkmaz “Qalatasaray” klubunda bacarmadığını “Bakı”da bacardı
05.11.2009 - 12:18
Korkmaz “Qalatasaray” klubunda bacarmadığını “Bakı”da bacardı
Əfsanəvi kapitan Bülənt Korkmaz “Qalatasaray”da bacarmadığını “Bakı”da reallaşdırıb. Apasport.az saytının hesablamalarına görə, 41 yaşlı türkiyəli məşqçilik karyerasında ən böyük hesablı qələbəni ölkəmizdə qazanıb. Korkmaz “Qalatasaray”ı çalışdırdığı 4 ayda böyük hesabla qalib gələ bilməyib. O, doğma klubunda keçirdiyi 15 oyunda 7 qələbə qazanıb, 4 dəfə heç-heçə edib, eyni sayda uduzub. “Cim Bom”un sükanı arxasına bu il fevralın 24-də keçən veteran müdafiəçi klubla 2,5 illik müqavilə imzalamışdı. Ancaq ötən mövsüm başa çatdıqdan sonra, daha doğrusu iyunun 3-də Korkmaz istefa verib.

Türkiyəli çalışdırıcı “Bakı”nın baş məşqçi postuna sentyabrın sonlarında gətirilib. Korkmazın komandası Azərbaycan kuboku uğrunda yarışın 1/8 final mərhələsinin ilk oyununda Tofiq Bəhramov adına Respublika stadionunda “Bakılı”nı darmadağın edib - 6:0. Bu, onun hazırkı klubunda ilk böyük hesablı, mərkəzi stadionumuzda isə ümumiyyətlə, ilk qələbəsi olub.

Futbolçu karyerasında yalnız bir klubun – 21 il ərzində “Qalatasaray”ın şərəfini qorumuş Korkmaz yaşıl meydanda çıxışını 2005-ci ildə bitirib. Bundan sonra bir müddət “Gənclərbirliyi”ndə köməkçi-məşqçi işləyən əfsanəvi kapitan baş məşqçilik fəaliyyətinə 2006/07 mövsümünün ikinci yarısında başlayıb. O, “Qalatasaray”ın çalışdırıcısı olana qədər “Kayseri Ərciyyəspor”, “Bursaspor” və “Gənclərbirliyi”də işləyib.

Türkiyə Superliqasının 52 oyununa (18 qələbə, 16 heç-heçə, 18 məğlubiyyət) baş məşqçi kimi çıxan Korkmazın əsas uğuru ölkə kuboku ilə bağlıdır. Hələ oynadığı dövrlərdə belə turnirlərdə öz sözünü demiş müdafiəçi dünyada ən çox kubok qazanan (29 dəfə) türkiyəli futbolçudur. O, baş məşqçi kimi fəaliyyət göstərdiyi ilk klub “Kayseri Ərciyyəspor”u 2007-ci ildə Türkiyə kubokunun finalına çıxarıb. Korkmaz böyük hesablı qələbələrə “Gənclərbirliyi”də sevinib. Çalışdırıcı 2007/08 mövsümündə bu komandaya ölkə kubokunda 3 günə iki belə nailiyyət qazandırıb. Bu, 2008-ci ilin yanvarın 6-da evdə “Vestel Manisaspor” (3:0), ayın 9-da isə səfərdə “Kırıkkalespor” (4:0) üzərində qazanılan böyük hesablı qələbələrdir. Həmin vaxt komandasını qrup qalibi kimi pley-off mərhələsinə çıxaran Korkmaz 2008-ci ilin fevralın 1-də istefa verib. Həmin kubok mövsümündə finala gedən yolda “Qalatasaray”ı da üstələyən “Gənclərbirliyi” həlledici görüşdə “Kayserispor”a oyun sonrası penaltilər seriyasında uduzub - 10:11.