“Yaxşı ki, bacılarım məsələdən xəbərdar idilər” - MÜSAHİBƏ
05.11.2009 - 15:15
“Yaxşı ki, bacılarım məsələdən xəbərdar idilər” - MÜSAHİBƏ
“Xəzər-Lənkəran”ın futbolçusu Allan Lalin Honduras mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, honduraslı jurnalist ölkəmizə zəng vuraraq, istedadlı hücumçudan ölkəmiz, futbolumuz və digər məsələlərlə bağlı suallar verib.

- Siz özünüz üçün yeni olan məkana öyrəşə bilmisiniz?
- Bəli. Təbii ki, uyğunlaşma prosesində hamının, o cümlədən ailəmin dəstəyi böyük rol oynayıb. Ən əsası odur ki, klubumun heyətində oynayıram və qol vururam.

- Üzləşdiyiniz ilk çətinliklər nə olub?
- Dili öyrənmək çətindir. Lakin bəxtimdən burada bir az ingiliscə danışırlar. Mən də bununla özümü sudan çıxara bilirəm. Lakin mənim tərcüməçilərim də var ki, onlar komanda yoldaşlarım və məşqçilər korpusu ilə ünsiyyətim qurmağıma kömək edir.

- Orada havalar necə keçir?
- Buranın havası mənə doğma Tequsiqalpa şəhərini xatırladır. Gündüzlər isti, gecələr isə sərin olur. Hondurasla ciddi fərq yoxdur. Lakin artıq qış gəlir.

- Yaşadığınız mühiti necə xarakterizə edərdiniz?
- Mən ölkənin paytaxtı Bakıda yaşayıram. Klubumuz isə Lənkəran adlanan başqa şəhərdə məskunlaşıb. Paytaxtdan cəmi 100 kilometr məsafədə olduğundan bütün futbolçularımız elə Bakıda yaşayır. Klubun avtobusu bizi ora aparıb-gətirir. Mən Azərbaycanda maşın sürmürəm. Bu çox təhlükəlidir. Elə bərk sürürlər ki, mən maşın istəmirəm.

- Azərbaycan yeməklərinə necə, uyğunlaşa bilmisiniz?
- Demək olar ki, elə Hondurasdakı yeməkləri yeyirik. Öz vətənimdə yediyim düyü, toyuq, kartof burada da geniş yayılıb. Bircə fərq ondadır ki, kalium, zülal və vitamini çox olanları yeyirik.

- Komanda yoldaşlarınla münasibətiniz necədir?
- Yoldaşlarım mənə darıxmağa imkan vermir. Lakin yenə də Hondurasdan məlumatlar almağa can atıram. Dünya çempionatının seçmə oyununda da yığmamızın matçından xəbərim oldu. İspanca danışmaq, Honduras kitablarını oxumaz istəyirəm.

- Baş məşqçiniz sizdən razıdırmı?
- Çalışdırıcımız çox sakit, ünsiyyətcil adamdır. Həm də xarakterə malik ciddi mütəxəssisdir. Hər dəfə tərcüməçi vasitəsilə mənimlə danışır, özümü necə hiss etdiyimi soruşur, maraqlanır. Deyir ki, bu tempdə çalışmağı davam etdirim.

- Klubunuzun azarkeşləri necədir?
- Əla. Onların azarkeşliyi o dərəcədədir ki, küçədə də məni tutub saxlayırlar. Mənimlə şəkil çəkdirirlər, avtoqraf alırlar, öz şəkillərini mənə göstərirlər. Onlar mənim əvvəlki klubum “Real Espana”dakı şəkillərimi də internetdən tapıb toplayıblar. Lakin indiki komandamın daha güclü olduğunu düşünürlər.

- Ümumilikdə durumunuzdan razısınızmı?
- Mən Azərbaycanda, “Xəzər-Lənkəran”da xoşbəxtəm. Bilirsiniz, vaxtilə mən küçədə də oynamağa razı idim. İndi Şükür Allaha ki, bu səviyyəyə qalxmışam. Ona görə harada oynamağa ciddi önəm vermirəm. Lakin Honduras yığmasında da çıxış etmək arzusundayam. Buna ümid edirəm, bilirəm ki, inkişaf etməli, artırmalıyam.

- Azərbaycanda futbolun səviyyəsi necədir?
- Çox yüksək və rəqabətə davamlıdır. Avropa ölkələrindən, eləcə də Braziliya, Argentina və Uruqvaydan çoxlu legionerləri var. Buradakı inkişaf və strukturları nəzərə alsaq, gələcəklə bağlı daha gözəl mənzərə haqda təsəvvür yaranar.

- Boş vaxtlarınızda nə edirsiniz?
- Braziliyalı komanda yoldaşlarımla şəhərin mərkəzinə gəzməyə gedirik, orada nahar edirik.

- Əvvəl yaşadığınız San-Pedro-Sula ilə müqayisədə nəyiniz çatmır?
- Ora mənim şəhərimdir. Burada isə futbol oynayıram.

- Honduras milli komandasının dünya çempionatına vəsiqə qazanmasına çox sevindiniz?
- Həmin gün qanım qaralmışdı. Kompüterim xarab olduğundan matçın gedişini izləyə bilmədim. Yaxşı ki, bacılarım məsələdən xəbərdar idilər. Tez-tez zəng vurub, oyunun gedişini mənə çatdırırdılar. Final mərhələsinə vəsiqəyə çox sevinirəm. Düşünürəm ki, Allah özü bizə kömək oldu.

- Sabiq klubunuzun məşqçisi Ramon Maradiaqanın istefa verməsindən xəbəriniz var?
- Bəli. Sabiq komanda yoldaşlarım Henri və Maynor Martines mənə zəng vurub dedilər. Yaxşı ki, sonradan onu fikrindən daşındırıb, klubda qalmağa razı sala biliblər. Məncə o, Hondurasın ən yaxşı məşqçilərindən biridir.

- Vətənə nə vaxt qayıdacaqsınız?
- Hələ bilmirəm. Yəqin ki, çempionatın fasiləsində Hondurasa baş çəkərəm. Bu fasilə isə dekabrın 27-də başlayacaq. Deməli, tezliklə ora gələcəyəm.