Şahin Diniyevin rəqibi əl-ayağa düşüb
05.11.2009 - 18:20
Şahin Diniyevin rəqibi əl-ayağa düşüb
UEFA kuboku və Superkubokunun qalibi “Zenit” klubu Rusiya Premyer Liqasının növbəti turu çərçivəsində Şahin Diniyevin baş məşqçisi olduğu “Terek” komandası ilə ev oyunu öncəsi əl-ayağa düşüb. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburq təmsilçisinin “Terek”lə bazar günü keçirəcəyi görüşdə azarkeş dəstəyinə ehtiyacı var. Bununla bağlı “Zenit” rəhbərliyi azarkeşlərə rəsmi müraciətində onlardan mövsümün son oyunlarında layiqli dəstək göstərməyi xahiş edib: “Bizim klub yaxın vaxtlarda 3 vacib matç keçirəcək. Təqvim elə alınıb ki, “Zenit” bu həlledici görüşlərdən ikisini doğma “Petrovski” stadionunda oynayacaq. Mövsümün sonunda ev matçları xüsusilə vacibdir. Komandamızın məhz tribunadakıların dəstəyi sayəsində çətin vəzifələri yerinə yetirməsi heç də az olmayıb. Halbuki, bunlar çoxları üçün qeyri-mümkün görünürdü. ”Bavariya”, “Marsel”, MOİK və digər komandalarla oyunlarımızı yada salın. Biz əminik ki, qarşıya qoyulan məqsədə öz azarkeşlərimizlə birgə çata biləcəyik. Sizləri bazar günü “Terek”lə “Petrovski”də keçirəcəyimiz matçda gözləyirik”.

Qeyd edək ki, “Terek”dən fərqli, “Zenit” üçün qarşıdakı oyun turnir cədvəli baxımından böyük əhəmiyyət daşıyır. Sankt-peterburqlular avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar.