“Ramin Musayev fakt göstərməsə, onun kişiliyinə böyük şübhəm olacaq” - MÜSAHİBƏ
09.11.2009 - 11:04
“Ramin Musayev fakt göstərməsə, onun kişiliyinə böyük şübhəm olacaq” - MÜSAHİBƏ
Bu ilin martında hakimlikdən kənarlaşdırılan FİFA hakimi Babək Quliyev ona qarşı haqsızlıq edildiyini dəfələrlə bildirib. Apasport.az saytının xəbərinə görə, onu peşəsindən uzaqlaşdıranların əlində heç bir fakt olmadığını, sadəcə, şəxsi ambisiyaların qurbanı olduğunu deyən Quliyev müsahibəsində hakimlikdən uzaqlaşdırılmasında səbəbkar hesab etdiyi şəxslərə, konkret olaraq, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun ünvanına sərt ittihamlar səsləndirib.

- Ramin Musayev deyir ki, jurnalistləri həqiqətən də təhdid edirlərsə, mənə fakt göstərin, kişi kimi söz verirəm ki, onları cəzalandıracağam.

- Bəli, olub belə söhbət...
- Mən də deyirəm ki, torba tikib, ev yıxandan kişi olmaz. Şəxsən mənim işimdə bu göründü. O, mart ayının 10-da dedi ki, Rövnəq Abdullayev məni yanına çağırıb, kaseti qoyub, deyib ki, buna bax, gör, sənin hakimlərin nə işlə məşğuldurlar...

- Kim kimə dedi?
- Guya Rövnəq Abdullayev Ramin Musayevə deyib.

- Aha...
- Hə, and-aman elədi ki, belə də olub. Guya Rövnəq müəllim deyib ki, bunların ikisini də basın “içəri”, Ramin Musayev razılaşmayıb. Mənə dediyinə görə, Rövnəq Abdullayevə deyib ki, mən, yəni Ramin Musayev, məhbəs həyatı yaşamışam və bunun necə ağır iş olduğunu bilirəm, gəl içəri atdırmayaq, sadəcə, futboldan uzaqlaşdıraq. Mən deyəndə ki, Ramin müəllim kaset varmı, o qayıtdı ki, Allaha and olsun-filan, hər şeyə and içdi ki, bəs var. Ayın 11-də də mətbuata deyib ki, məndə kaset də, dəlil də var. İndi mən deyirəm ki, Ramin Musayev, bu məsələnin üstündən səkkiz ay keçib və sən kişi kimi demişdin ki, dəlil var, amma hələ də nə dəlil görmüşük, nə sübut. Sizin Ramin Musayeviniz artıq bir dəfə kişi kimi söz verib, amma yerinə yetirməyib. Həmin söhbət ayın 10-da olmuşdu da. Üstündən cəmi 72 saat keçəndən sonra mən onun otağında olanda qayıtdı ki, kaset-zad yoxdur, sadəcə, Əmrah Çəlikəl mənim yanımda zəng elədi sənə və mən bunu mütləq Rövnəq müəllimə çatdırmalı idim. Digər yandan, Ramin Musayev kişidirsə və əgər fakt varsa, niyə Babək Quliyevi hakimlikdən kənarlaşdırdı, amma Əmrah Çəlikəl hələ də futboldadır?

- Əmrah Çəlikəl?
- Bəli Əmrah Çəlikəl. PFL-in Ramin Musayevin və şəxsən Rövnəq Abdullayevin imzaladığı əsasnaməsinin 58-ci maddəsində deyilir ki, AFFA və PFL əməkdaşlarına və ya oyunun rəsmi şəxslərinə rüşvət təklif edən, söz verən və ya təqdim edən rəsmi şəxslərə futbol fəaliyyəti ilə məşğul olmaq qadağan edilir və klub 40 min manat cərimə olunur. Rəsmi sənəddir e, Rövnəq Abdullayevlə Ramin Musayev qol çəkib. Əgər mən həqiqətən klub rəsmisi ilə danışığa getmişəmsə, niyə Əmrah Çəlikəl hələ də futboldadır? Ramin Musayevin “Xəzər TV”də bir açıqlamasına baxmışam, deyir ki, siz mənə hakimlərin rüşvət alması barədə fakt göstərin mən sizə 10 min manat mükafat verərəm. Ramin Musayev, sən məni uzaqlaşdıranda fakt göstərdin? Faktın var idi? Varsa, niyə çıxarmırsan ortaya? Kişi ağzından çıxan sözün yiyəsi olmalıdır. O deyib ki, məndə fakt var, indi o faktı çıxarsın ortaya. Demir kişiyəm? Faktı çıxarsın. Əgər çıxarmasa, mənim onun kişiliyinə böyük şübhəm olacaq.

- Bayaq dediniz ki, guya Ramin Musayev Rövnəq Abdullayevə məhbəs həyatı yaşadığını və bunun necə ağır iş olduğunu bildirib...
- Bəli məndə bu barədə məlumat var...

- O özü bildirib ki, mən Rövnəq Abdullayevə belə dedim?
- Bəli, özü mənə belə dedi. Mən özümdən heç nə demirəm.

- İddia eləyirsən ki, Ramin Musayev həbsdə olduğunu etiraf edib?
- İddia eləmirəm e, özü mənə elə deyib.

- Bilmirsən, nə üstündə?
- Mən bu barədə geniş danışmaq istəmirəm, amma əmin olun ki, o şey üstündə məhbəsdə olmaq da kişilikdən deyil. Kişi a! Çörək verən insanlar ayrıdır, ev yıxıb torba tikən insanlar ayrı. Mən Ramin Musayevi ev yıxıb, torba tikən insanlara aid edirəm. Çıxıb kişi kimi söz verirəm deməsin! Kişi dediyi sözə əməl eləməlidir. Səkkiz aydır əməl edə bilmir.

- Bir məsələ barədə danışmaq istəyirəm, o paparatsilər hakimi pul alan yerdə şəklini çəkmişdilər, Çexiyada olmuşdu?
- Polşada, Polşada...

- Amma onu cəzalandırmadılar. Niyə?
- O, birinci qrupun hakimidir. Baxmayaraq ki, pul alan yerdə yaxalamışdılar, Polşa Futbol Federasiyasının prezidenti onu cəzalandırmamışdı ki, bu hakim UEFA-da, beynəlxalq aləmdə ölkəmizin adını təmsil edir...

- Sözümün canı budur ki, sənə də, lap tutaq ki, klubla danışığa getmiş olsaydın belə, eyni güzəşti etmək olmazdı?
- Yox e, nə güzəşt? Xaqani Məmmədov həmin an öz kreslosundan başqa heç nə düşünmürdü. O Xaqani Məmmədov ki, kupeləri gəzib, klub rəsmisi ilə yeyib-içib, sonra da bunu etiraf edib. Belə bir adam indi Hakimlər Komitəsinə rəhbərlik edir. Klub rəsmisi ilə kupeləri gəzib, indi də komitə sədridir. Məni isə nömrəsini belə tanımadığım klub rəsmisinin telefonunu qaldırdığıma görə cəzalandırıblar. Gülməlidi e...

Mənbə: ultrasport.az