Əsgər Abdullayevin müdafiəsi dağıldı
09.11.2009 - 14:41
Əsgər Abdullayevin müdafiəsi dağıldı
Əsgər Abdullayevin Azərbaycan çempionatında 1077 günlük seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssisin çalışdırdığı “Olimpik-Şüvəlan” klubu 3 ildən sonra çempionatda böyük hesabla uduzdu - 0:3. Bu, Premyer Liqanın hesabat turunda “Şəfa” stadionunda Zaqatalanın “Simurq” klubu ilə ev oyununda baş verib.

“Təyyarəçilər” 2006-cı ilin yayından Abdullayevin rəhbərliyi altında sonuncu dəfə böyük hesabla “Neftçi”yə yenilmişdi. 2006-cı ilin noyabrın 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin görüşün “Simurq”la oyunla bağlılığı da var. Məsələ ondadır ki, hər iki oyunda eyni hesabla uduzan Abdullayevin komandası qolları bir hissədə buraxıb. Fərq ondadır ki, “Neftçi” ilk hissədə, “Simurq” isə fasilədən sonra fərqlənib.

Abdullayevi “Olimpik”in sükanı arxasında ilk böyük hesablı məğlubiyyətə məhz “ağ-qaralar” düçar etmişdi. Bundan sonra etibarlı müdafiəsi ilə seçilən “təyyarəçilər”in qapısına yol tapmaq elə də asan olmurdu. Bunun da nəticəsində komandanı ən azı 3 top fərqi ilə yenmək üçün 1077 gün gözləmək lazım gəldi. “Olimpik-Şüvəlan”ın qapısına 3-cü qolu vurmaqla, rəqibinin böyük hesablı məğlubiyyətini rəsmiləşdirən “Simurq”un bolqar hücumçusu Nikolay Petrov-Valev ölkəmizdə qol hesabını açıb.

Bu, 4 ildir güclülər dəstəsində çıxış edən “Olimpik”in 3-cü böyük hesablı məğlubiyyət oldu. Komandanın ilk belə yenilgisi tarixində ən ağır nəticədir. Bu, 2005/06 mövsümünün son turunda elə “Şəfa”da “Karvan”a 1:5 hesablı yenilgidir. Abdullayevin komandası uzun müddət uduzmadığı “Simurq”la son iki görüşdə bunun əksini nümayiş etdirdi. Özü də meydan sahiblərinə “Şəfa”da keçirilən bu oyunlarda qol vurmaq da mümkün olmur. Zaqatalalılar isə “Olimpik-Şüvəlan”la son oyunda qazandıqları nəticə ilə yarım illik həsrətə son qoydu. Belə ki, “təyyarəçilər”lə bütün görüşlərdə “Simurq”un baş məşqçisi olan ukraynalı Roman Pokora sonuncu böyük hesablı qələbəni ötən mövsümün axırında “Bakılı” ilə ev oyununda (3:0) əldə etmişdi.

“Olimpik”lə “Simurq” arasında keçirilən oyunlar
2006/07 mövsümü

“Olimpik” – “Simurq” – 3:0
“Simurq” – “Olimpik” – 2:2

2007/08 mövsümü
“Olimpik” – “Simurq” – 1:0
“Simurq” – “Olimpik” – 0:0

2008/09 mövsümü
“Simurq” – “Olimpik” – 1:1
“Olimpik” – “Simurq” – 0:2

2009/10 mövsümü
“Olimpik-Şüvəlan” – “Simurq” – 0:3