Bülənt Korkmaz: Moskvada Azərbaycanı ən yaxşı tərəfdən göstərməyə çalışacağıq
09.11.2009 - 15:35
Bülənt Korkmaz: Moskvada Azərbaycanı ən yaxşı tərəfdən göstərməyə çalışacağıq
“Bakı” klubunun “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə qatılacağı dəqiqləşib. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Bülənt Korkmaz məlumat verib.

Məlum olduğu kimi, “Birlik kuboku”nun keçirilmə tarixi Azərbaycan Premyer Liqasında yaranacaq 40 günlü fasiləyə təsadüf edəcək. Həmin müddətdən səmərəli yararlanmağa, heyəti komplektləşdirməyə çalışacaq 41 yaşlı türkiyəli mütəxəssis Moskva turnirində debüt edəcək: “Klub olaraq bu turnirə getməyə qərar verilib. Çünki bu, Azərbaycan üçün önəmli kubok yarışıdırsa, onda iştirak etmək lazımdır. Rəhbərlik müsbət qərar verib. İndiki vəziyyətdə “Birlik kuboku”nda iştirakla bağlı problem yoxdur. Orada Azərbaycanı ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”.

Korkmaz Premyer Liqada yaranan fasilədə futbolçuları qısa müddətə istirahətə buraxacaq. Yanvarın ilk günlərində bir araya gələcək son ölkə çempionu Moskva turniri zamanı heyətə əl gəzdirəcək, yeni futbolçuları sınaqdan keçirəcək. “Bakı”nın bəzi oyunçularının taleyi də həmin yarışdan sonra aydınlıq gələcəyi gözlənilir.

Qeyd edək ki, indiyədək bir dəfə - 2007-ci ilin yanvarında “Birlik kuboku”nda çıxış edən “Bakı” qrupdan çıxıb və ¼ finalda Moskva MOİK-nin əvəzedicilərinə oyun sonrası penaltilər seriyasında uduzub.
0