“Kyuell kimi futbolçular indi Azərbaycana gəlməz”
09.11.2009 - 17:40
“Kyuell kimi futbolçular indi Azərbaycana gəlməz”
“Bakı” klubunun türkiyəli baş məşqçisi Bülənt Korkmazın apasport.az saytına müsahibəsi

- “Bakı” ilk dövrənin sonuna bir tur qalmış turnir cədvəlindən vəziyyətini yaxşılaşdıraraq 7-ci pilləyə yüksəlib. Yəqin ki, indi siz daha çox nəticəni düşünürsünüz?
- Hazırkı vaxtda bizim üçün nəticə daha önəmlidir. Amma təbii ki, yaxşı oyun nümayiş etdirmək də lazımlıdır. Keçirdiyimiz görüşlərin bəzilərində yaxşı oynasaq da, bəzi vaxtlarda belə olmur. Yəni həmin vaxt düşündüyümüz tərzdə oynamırıq. Ancaq təbii ki, indi komandamız üçün daha önəmli nəticədir.

- Sizin düşündüyünüz oyun tərzi hansıdır? Hücum futbolu, yoxsa?
- Həm hücumda, həm də müdafiədə yaxşı oynayan komanda yaratmaq lazımdır. Futbolçularımız həm birgə müdafiə olunmalı, həm də hücum etməlidir. Düşündüyüm budur. Əgər belə oynanılarsa, daha yaxşı futbol ortaya qoya bilərlər. Bunu bəzən edə bilirik, bəzən də yox.

- Sizcə, bəzən bu niyə alınmır?
- İndiki vəziyyətdə belə şeylərin olması normaldır. Çünki düşündüyüm tərzdə oynamaları üçün bir az zamana ehtiyac var. Futbolçular bəzən yaxşı hücum edə, bəzən də düzgün müdafiə oluna bilmir. Bu da hərdən komanda şəklində oynaya bilməməklə bağlıdır. Gələcəkdə bunlar qaydasına düşəcək. Mən belə düşünürəm.

- “Bakı” qazandığı son qələbələr sayəsində “altılığ”a yaxınlaşıb. Bura düşmək perspektivinə necə baxırsınız?
- Biz buna çalışırıq. Hər kəsin baxışı fərqli ola bilər. Bu, normal şeydir. Amma biz tək futbol yox, bütün anlamlarda dəyişiklik edirik. Futbolçular da lazımı oyun göstərməyə, verdiyim tapşırıqlarımı yerinə yetirməyə çalışırlar. Buna əməl edən futbolçular da “Bakı”da qalacaq. Biz bu klubu yüksək səviyyəyə çatdırmağı, necə uğur qazanmağın yollarını axtarırıq. Gəldiyim gündən demişəm ki, qısa zamanda heç bir şey edə bilmərəm. Buna vaxt lazımdır. Çünki hər məşqçinin iş prinsipi, komandanı çalışdırması, davranışı fərqlidir. Bütün bunlara vaxt gedir. Biz də ən yaxşısına nail olmaq üçün əlimizdən gələni edirik.

- Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts artıq Bakıdadır. Alman həmkarınızla görüşə bilmisiniz?
- Yox. Foqtsla görüşmək istərdim. Ancaq hər ikimizin vaxtı olmadığı üçün hələ görüş baş tutmayıb.

- Foqts son turda “Karvan”la oyununuzu izlədikdən sonra mətbuata verdiyi açıqlamasında yalnız iki yerli futbolçuya şans verdiyinizə görə təəssüflənib. O milli komandanı çalışdırdığından, yerli futbolçuların daha çox oyun praktikası qazanmasında maraqlıdır...
- Təbii ki, mən də bunu istəyirəm. Yeni mövsümdə legionerlərə limit tətbiq ediləcəyi zaman məcburən bu, həyata keçiriləcək. Bildiyiniz kimi, həmin vaxt limit “8+3” olacaq və deməli, ən azı üç azərbaycanlı futbolçunun meydanda olması şərt olacaq. Biz də bununla bağlı indidən işlər görür, araşdırmalar aparırıq. Azərbaycan kubokunda əvəzedici komandamızdan bir neçə futbolçunu oynatdıq. Həmin gəncləri əsas komandamızın məşqlərinə də qatmışıq. Gələcəkdə bizim də məqsəd öz futbolçularımızı oynatmaqdır. Buna isə vaxt lazımdır. Ancaq indiki heyətimiz budur və qış fasiləsinə kimi onlarla davam edəcəyik. Gələn il isə heyətimizdə legionerlərin sayı indikindən az olacaq. Yəni əcnəbi oyunçuların sayı 11, öz futbolçularımızın, yəni azərbaycanlıların sayı 12-14 nəfər olacaq.

- Bəs hazırda əsas heyətdə daha çox yerli futbolçunun yer almasına nədir mane olan?
- Heyəti öz düşüncələrimə əsasən müəyyənləşdirirəm. Əslində, indi də azərbaycanlı futbolçulara - Bəxtiyar Soltanov, Mahmud Qurbanov, Cəmşid Məhərrəmova şans verirəm. Komandamızda legionerlərin sayı yerlilərdən çoxdur. Nəzərimdə olan azərbaycanlı futbolçuların hamısından faydalanmaq istəyirəm. Azərbaycan kubokunda onlardan istifadə edirəm. “Bakılı” ilə kubok oyununda əsasən öz futbolçularımızı oynatdım.

- Yalnız kubokda oynatdığınız milli komandamızın müdafiəçisi Saşa Yunisoğlu hələ ki zədədən sonra tam hazır deyil? Onu Premyer Liqada nə vaxt görə biləcəyik?
- Saşa Yunisoğlu cərrahiyyə əməliyyatından sonra yenicə yaxşılaşır. O, yavaş-yavaş meydana qayıdacaq. Bəxtiyar Soltanov cari mövsümdə mənə qədər heç oynamadı ki... Onu mən oynadıram.

- Sizcə, Bəxtiyar indi əsas yığmamızda oynamağa hazırdır?
- Mən buna qərar verə bilmərəm. Milli komandanın baş məşqçisi deyiləm axı. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts olduğu üçün Bəxtiyarla bağlı qərarı da o, verəcək.

- Ümumiyyətlə, komandanızdan kimləri yığmaya namizəd sayırsınız?
- Yığmada kimlərin oynamasına mən yox, Foqts cənabları qərar verir. Mən yalnız öz komandamla bağlı suallara cavab verə bilərəm. Sadəcə, milli komandanın yaxşı oynaması üçü dəstək verə bilərəm.

- “Bakı”da əsas heyətdən kənarda qalan Fabio Luis Ramim milli komandada da yerini itirdi. Ancaq sizin gəlişinizdən sonra heyətə qayıdan Ramimə kapitan sarğısı etibar olundu və artıq yığmaya dönüb...
- Foqtsun qərarlarına hər kəsin hörmət etməsi lazımdır. Mən öz işimlə məşğul oluram və kiminsə işinə qarışmaram.

- Foqts izlədiyi klubların oyunları haqda öz fikirlərini bildirir. Bunu necə qarşılayırsınız?
- Foqts öz fikirlərini deyirsə, təbii ki, bunu dinləyib, hörmət göstəririk. Hər kəs öz gördüyü işə hörmətlə yanaşmalıdır. Foqtsun işinə də hörmətlə yanaşırıq və bununla bağlı indiki məqamda bir problem yoxdur.

- Alman həmkarınız “Karvan”la oyununuzu bir o qədər də bəyənmədiyini söyləyib. Onun sözlərinə görə, əvvəllər “Bakı” ilə “Karvan”ın ifasında daha maraqlı oyunların şahid olub...
- Bu, Foqtsun şəxsi fikridir və buna bir şey deyə bilmərəm. Bu, şəxsi söhbətin mövzusudur.

- Türkiyədə olan futbolçularla danışıqlarla bağlı vəziyyət necədir?
- İndiyədək kimisə transfer edəcəyimizlə bağlı bir şey söyləmədim. Hazırda komandada olan futbolçuların qalıb-qalmayacağına özləri qərar verəcəklər. Bu, məşqlərdə, görüşlərdə göstərilən oyunla bağlıdır. Bura nizam-intizamı, davranışı da əlavə etmək lazımdır. Yəni sırf oynamaqla qalmaq yox, davranışınla da bunu göstərmək lazımdır.

- Necə hesab edirsiniz, “Bakı”da legionerlər yerli futbolçulardan səviyyəcə çoxmu üstündürlər, yoxsa?
- Bunu deyim ki, mənim üçün “Baki”da kimsə legioner yox, hamısı azəridir. Biz bura gəlmişiksə, azərbaycanlıyıq. Komandada ayrı-seçkilik etməyi heç bir zaman düşünmürəm, hamıya eyni gözlə baxıram. Dəyərli futbolçunun hamısı mənim üçün eyni məsafədədir. Yəni, mənim üçün uzaq, yaxud yaxınlıq baxımından hər kəs eynidir. Futbolçularımda olan çatışmazlıqları kiməsə yox, onların özlərinə söyləyə bilərəm.

- Türkiyə mətbuatına müsahibənizdə “Qalatasaray”da rəhbərliyiniz altında oynamış avstraliyalı Harri Kyuelldən çox razı qaldığınızı, onun yenidən komandanızda görmək istədiyinizi bildirmisiniz...
- Kyuell oynasa da, oynamasa da, əsl peşəkar, davamlı olaraq çalışan, gündə 5 dəfə məşq edən, komandası üçün əlindən gələni edən səviyyəli futbolçudur. Hər futbolçunun da belə olması lazımdır.

- Sizcə, belə ulduz futbolçular ölkəmizdə oynamağa, “Bakı”da keçməyə razılıq verərmi?
- Bu, çox çətin məsələdir. Belə yüksək səviyyəli futbolçular indiki vaxta bura gəlməz. Çünki onların transferi maliyyə baxımdan çox yüksək məbləğ təşkil edir. Amma bu, Azərbaycan Premyer Liqasının, milli komandanın səviyyəsi yüksəldikcə, 5-6 sonra reallaşa bilər.

- Bəs Türkiyə Superliqasında oynayan digər, çox bahalı olmayan futbolçuların gəlişi realdırmı?
- Vallah, bunu dəqiq deyə bilmərəm. Bu, onların düşüncələri ilə bağlıdır. Buna artıq özləri qərar verə bilərlər ki, Azərbaycanda gəlmək istəyirlər, ya yox.