“Turan” klubunun baş məşqçisi iddialı danışdı - MÜSAHİBƏ
10.11.2009 - 00:42
“Turan” klubunun baş məşqçisi iddialı danışdı - MÜSAHİBƏ
“Turan” ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən ilk oyunda “Standard”a məğlub olsa da, Premyer Liqa matçında Sumqayıt təmsilçisini böyük hesabla yendi. Bununla da xallarının sayını 11-ə yüksəldən Tovuz təmsilçisi turnir cədvəlindəki mövqeyini də bir pillə yaxşılaşdırdı. İndi qaldı kubokun cavab matçında məğlubiyyətin əvəzini çıxmaq. Çempionat oyunundan sonra baş məşqçi Nizami Sadıqov “Futbol dünyası” qəzetinə verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib.

- “Standard”la oyunda komandanızdan razı qaldınızmı?
- Təbii ki razı qaldım. Uşaqlar xüsusilə də birinci hissədə verdiyim tapşırıqları tam yerinə yetirdilər. Yəni yaratdığımız qol vəziyyətlərindən istifadə edə bildik. Rəqibə isə təhlükəli epizod yaratmaq üçün imkan vermədik.

- İkinci hissədə komandada müəyyən boşluqlar yarandı. Bu arxayınçılıqla bağlı idi, yoxsa fiziki gücün tükənməsi ilə?
- Fikrimcə, bu, nəticədən irəli gəlirdi. Çünki 3:0 hesabı ilə irəlidə idik və belə olan təqdirdə uşaqlarda müəyyən arxayınçılıq yaranmışdı. Bunu nəzərə alıb müəyyən dəyişikliklər etdim ki, oyunda canlanma yaransın.

- Cari mövsümdə “Turan” ilk dəfə olaraq böyük hesablı qələbə qazandı. Bu nəticəni gözləyirdinizmi?
- Müsahibələrimdə həmişə qeyd etmişəm ki, “Turan” çoxlu qol epizodu yaradır, amma onların hamısından istifadə edə bilmir. Yəni hər oyunda ən azı 4-5 real qol imkanımız olur. Elə minimal hesabla məğlub olduğumuz oyunlarda da fərqlənmək şansımız olur, sadəcə, istifadə edə bilmirik. Amma “Standard”la oyunda 50 faizindən istifadə edə bildik. Çünki bizim ikinci hissədə də qol vurmaq imkanımız var idi, reallaşdıra bilmədik.

- “Standard”la oyunda “Turan” daha bir yeniliyə imza atdı. Rəhbərlik etdiyiniz komanda Premyer Liqada ilk dəfə olaraq meydanı qapısından top buraxmadan tərk edir. Bunu müdafiəçilərin aktivinə yazmaq olarmı?
- Futbol kollektiv oyundur. Bunu bütün kollektiv bacardı. Artıq onlar özlərində məsuliyyət hiss edirlər. Komanda tədricən formalaşmağa başlayıb. Qazandığımız qələbələr də futbolçuların psixologiyasına müsbət təsir göstərir. Həm də ən yaxşı müdafiə hücumdur. Yəni qol vurmaq və müdafiədə səhvsiz oynamaq vacibdir. “Standard”la oyunda bunu bacardıq.

- Taktiki sxemdə də dəyişiklik etmişdiniz. Bu dəfə 4 deyil, 3 müdafiəçiyə şans vermişdiniz. Bunun səbəbi nə idi?
- “Standard”ın oyunlarını izləmişdim. Onlar bir hücumçu ilə oynayırlar. Belə olan halda 4 müdafiəçi ilə oynamağa ehtiyac yoxdur. Əvəzində yarımmüdafiəni gücləndirdim.

- Maraqlıdır ki, məğlub etdiyiniz komanda ilə ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən ilk oyunda yenildiniz. Bu iki oyun arasında əsas fərqlər hansılardır?
- Kubok oyunu ilə müqayisədə bu dəfə uşaqlar verilən tapşırıqları yerinə yetirdilər. Onlar oyuna daha yaxşı kökləndilər və məsuliyyətlə yanaşdılar. Sumqayıtdakı oyunda isə bəsit səhvlərimizdən qol vurdular. Təəssüflər olsun ki, biz yaratdığımız epizodlardan istifadə edə bilmədik. Amma bu gün meydana qələbə ruhu ilə çıxmışdıq. Nəticə isə göz qabağındadır.

- Bəzi futbolçular var ki, meydanda ancaq 45 dəqiqə oynamaq gücündədirlər. Məsələn, Samir Musayev, Nadir Nəbiyev və s...Amma siz onlara daha çox şans verirsiniz. Niyə?
- Adlarını çəkdiyiniz futbolçular zədədən sonra formalarını itiriblər. “Standard”la oyunda Samiri dəyişməyim sırf bununla bağlı deyildi. Sadəcə, çərşənbə günü ölkə kubokunun 1/8 final mərhələsinin cavab oyunlarına çıxacağımızdan, onu və əvəz etdiyim digər futbolçuları qorumaq istədim. Yəni güclərini tükətməsinlər.

- Ruslan Abbasovun oynamaması nə ilə bağlıdır?
- “Muğan”la oyunda zədələnib. Həmin qarşılaşmanın birinci hissəsi başa çatdıqdan sonra Ruslanı əvəz etdik. Bu gün də analoji səbəbdən meydana çıxmadı.

- Amma müdafiəçi ilə aranızda problemlərin olduğu bildirilir...
- Əsası olmayan sözlərdir. Mənim heç bir futbolçu ilə problemim yoxdur. Ruslan ayağında ağrılar olduğundan meydana çıxmayıb. O, təcrübəli futbolçudur. Bu cür oyunçuların meydanda olması, gənclərdə də özünəinamı artırır. Qarşıdakı oyunlarda onun xidmətindən istifadə edəcəyik.

- Çərşənbə günü ölkə kubokunun cavab matçına çıxacaqsınız. İlk oyunda 1:3 hesabı ilə məğlub olmusunuz. Bu oyundan nə gözləyirsiniz? “Turan” 1/4 finala yüksələ biləcəkmi?
- Əgər belə oynasaq, mərhələni keçə bilərik. Amma arxı tullanmadan da hop deməzlər. Komandada əhval ruhiyyə yüksək səviyyədədir. Çempionatda qazandığımız qələbələr bizi ruhlandırır. İnşallah, kubokda da mübarizəni davam etdirən tərəf biz olacağıq.

- Ümumiyyətlə, “Turan” qarşısına hansı məqsəd qoyulub?
- “6-lıq”a düşmək. Düzdür, bu gün gözlədiyimiz və olmalı olduğumuz yerdə deyilik. Ancaq mübarizə davam edir.

- Bu xal fərqini əridə biləcəksinizmi?
- İkinci pillə ilə 9 xal fərqimiz var. Qarşıda isə 12 oyunumuz var. Yəni 36 xal qazanmaq imkanımız var və belə olan təqdirdə aydın məsələdir ki, həmin fərqi əridə bilərik. Eyni zamanda rəqiblərimizin də xal itirmək şansının olduğunu unutmamalıyıq.

- 12 oyundan 36 xal toplamaq real görünmür axı...
- Həyatda hər şeyin bir çarəsi var. Əgər ikinci dövrəyə yaxşı hazırlaşa bilsək, məqsədimizə çatacağıq.

- Kubokdakı məğlubiyyətdən sonra söz-söhbət yayıldı ki, “Turan” çempionatı düşündüyündən məğlub olub. Bu nə dərəcədə həqiqətə yaxındır?
- “Standard”la ilk oyunda əsas heyətin 5 futbolçusu meydana çıxmamışdı. Ancaq biz onlardan revanş alacağıq. Deyilənlərin həqiqətlə heç bir bağlılığı yoxdur.

- 10 oyunda 3 futbolçunuz qırmızı vərəqə ilə cəzalandırılıb. Sizcə, bu çox deyilmi?
- Əlbəttə çoxdur. Yəni çox bəsit səhvlərdən bu vərəqləri alırıq. Futbolçular meydanda maksimum diqqətli olmalıdırlar.

- Komandada maddi durum necədir?
- Futbolçulara nə söz verilibsə, hamısı yerinə yetirilir. Maaşlar, mükafatlar hamısı verilir. Rəhbərlik daim bizi dəstəkləyir. Bir iş qalır: udub irəli getmək və pul qazanmaq.

- Azarkeşlər də komandanı əvvəlki kimi dəstəkləmir. Onlar klubdan niyə inciyiblər?
- Tovuzda həmişə maraqlı oyunlar keçirilib. Stadiona gələn azarkeşlər yerli komandadan yaxşı oyun tələb ediblər və əksər hallarda bunun qarşılığını da alıblar. Uduzanda əlbəttə, onlar bizdən küsəcəklər. Biz qələbələrimizin sayını artırmalıyıq ki, azarkeşləri yenidən tribunalara cəlb edə bilək və onlarda komandamızı dəstəkləsinlər.

- Komandanın qeyri-sabit çıxışının səbəbi nədir?
- Evdə keçirdiyimiz oyunlarda daha çox xal itirmişik. Səfərdə yalnız “Neftçi”yə məğlub olmuşuq. Ümumiyyətlə, uduzduğumuz oyunlara diqqət yetirsək, bayaq dediyim məsələnin şahidi olacağıq. Yəni qol epizodu yaradırıq, lakin vura bilmirik. Bu gün ən güclü klublarla oyunlarda qol epizodları yaradırıqsa, bu potensialımızdan xəbər verir.

- Son 1 həftədə 3 oyun keçirmisiniz. Futbolçularda yorğunluq varmı?
- Yəni 3 oyundan ikisində qələbə qazanmışıq. Deməli, oyunların ümumi balansı xeyrimizədir. Bu isə futbolçuların sıx qrafikə hazır olduğundan xəbər verir.