“Ona istədiyi şəraiti yaratmışdıq, amma...”
10.11.2009 - 01:14
“Ona istədiyi şəraiti yaratmışdıq, amma...”
Bülənt Korkmaz bir müddətdir "Bakı" klubunun baş məşqçisi təyin olunub. Onun gəlişindən sonra klubda müəyyən islahatlar aparılıb. Fernando Peres, Rafael Barbosa və Daniel Oprita komandadan uzaqlaşdırılıb və onların yerinə səviyyəli legionerlərin gətirilməsi gözlənilir. Komandanın çıxışı fəxri prezident Anar Məmmədovu da yaxından maraqlandırır. O "Karvan"la matçı da canlı izlədi. Jabanın vurduğu yeganə qol Anar bəyi çox sevindirmişdi. Qarşılaşmanı "Karvan"ın İdarə Heyətinin sədri Şahmar Vəliyev və Yevlaxın icra başçısı Elmar Vəliyevlə yanaşı izləyən "Bakı"nın rəhbər şəxsi daha sonra oyunla bağlı təəssüratlarını bizimlə bölüşdü.

- Birinci növbədə oyunun maraqlı keçdiyini deməliyəm. Hər iki komanda yaxşı oynadı. Əlbəttə, "Bakı"nın məqsədi qələbə qazanmaq idi. Ən çox qol vəziyyətini də bizim komanda yaratdı. Jabanın qolu gözəl alındı. Bülənt Korkmaz "Bakı"ya yeni gəlib. Hələ işə başladığı heç 1 ay deyil. Onu böyük ümidlərlə kluba dəvət etmişik. "Qalatasaray"da oynayıb, Türkiyədə bir sıra klubları çalışdırıb. Ondan çox şey gözləyirik.

- Necə fikirləşirsiz, "Bakı" bu mövsüm çempion titulunu qoruya biləcək?
- Bu haqda danışmaq üçün hələ vaxt var. Çempionat uzundur. İlk turlarda komanda xeyli xal itirib. Qazanılan nəticələrlə, komandanın çıxışıyla yaxından maraqlanıram. Klubumuz iki dəfə Azərbaycan çempionu olub. Əlbəttə, üçüncü dəfə bu uğuru təkrarlamaq istərdik. Bunun üçün də çalışacağıq. İddialı komandalar çox olsa da, "Bakı"nın öz yeri, imici var.

- Komandanın oyununu izlədiz. Hansı çatışmazlıqları qeyd edə bilərsiz?
- Futbolçulara qiymət vermək baş məşqçinin işidir. Komandaya cavabdehliyi də o daşıyır. Çatışmazlıqlar var. Korkmazın bunu aradan qaldırması üçün zamanı olacaq. Edilən transferlər ondan əvvəl olub. Bəyənilən və bəyənilməyən futbolçular var. Qoy, hamı bilsin ki, baş məşqçimizə güvənirik. "Bakı" bu mövsümü də adına layiq şəkildə bitirməlidir.

- Hansı klubları "Bakı"nın əsas rəqibləri hesab edirsiz?
- Çempionat gərgin keçir. Mənim ən böyük favoritim yenə elə "Bakı"dır.

- Ötən çempionat başa çatandan sonra bildirmişdiz ki, 2 super transfer həyata keçiriləcək. Həmin plan qüvvədə qalır?
- Bəli. Biz bu barədə çoxdan düşünürük. Yayda alınan futbolçular sırf əvvəlki baş məşqçinin istəyi ilə olmuşdu. Kimləri istəmişdi, onları da gətirmişdik. İndi bu məsələni Bülənt Korkmazla müzakirə edəcəyik. Vaxtımız yenə var. Çempionatda fasilə yaranan zaman yeni transferlərin üzərinə qayıdacağıq. "Bakı"da ancaq səviyyəli futbolçular toplaşmalıdır. Bir Avropa klubu yaratmaq istəyirik.

- Fikrinizdə konkret namizədlər var?
- Yaxşı futbolçular çoxdur. Amma mən indidən bu barədə konkret söz deyə bilmərəm.

- Gətirmək istədiyiniz futbolçular hardan olacaq?
- Bülənt Korkmazla bu haqda danışandan sonra alacağımız futbolçuların kimliyi və sayı bilinəcək. Biz ondan bu gün çox şey istəyə bilmərik. Təzə gəlib. "Bakı"da kifayət qədər futbolçu var. Hazırda onlarla yaxından tanış olur, komandanın potensialını öyrənir.

- Qyoko Hacıyevskinin baş məşqçi postundan istefa verməsi sizin üçün gözlənilməz olmadı?
- Xeyr. Keçən mövsüm Azərbaycan çempionu olandan sonra komanda Avropada daha yaxşı çıxış edə bilərdi. Biz bunun üçün Hacıyevskiyə istədiyi şəraiti yaratmışdıq. Lakin nəticələr bizi qane etmədi. Yeni çempionata da yaxşı başlamadıq. Ona görə Hacıyevski istefa ərizəsini yazanda bunu normal qarşıladım.