4 formal, 3 maraqlı, 1 ortabab oyun
10.11.2009 - 12:35
4 formal, 3 maraqlı, 1 ortabab oyun
Sabah Azərbaycan kubokunda 1/4 finalçıları müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, eyni vaxtda startı veriləcək 1/8 mərhələsinin cavab görüşlərindən yarısını formal saymaq olar.

Hər halda, evdə rəqiblərini darmadağın edən “Bakı”, “Neftçi”, “Qarabağ” və “İnter” artıq özlərini 1/4 final iştirakçıları saya bilərlər. “Simurq” bu komandalardan fərqli, zəif rəqibini böyük hesabla məğlub etməsə də, mərhələ adlamaq şansı böyükdür. Çünki heç də yaxşı günlərini yaşamayan, birinci divizionda da qeyri-sabit çıxış edən “Gəncə”nin “Simurq”u mübarizədən kənarlaşdıracağı real görünmür.

Ən maraqlı mübarizə üç cütdə gözlənilir ki, bu sırada “Qəbələ” - “Olimpik” və “Turan” – “Standard” görüşlərini xüsusilə qeyd etməliyik. “Muğan”ın da “Xəzər-Lənkəran”la görüşdə qalib gəlmək şansı var ki, bunun üçün evdə 2:0 hesablı qələbə də yetərlidir. Məlum olduğu kimi, kubokda hər iki oyunun ümumi nəticəsi top fərqinə görə bərabər olsa, səfərdə daha çox qol vuran komandaya üstünlük verir. Ancaq elə “Xəzər-Lənkəran”a Premyer Liqada uduzduqdan sonra ay yarımdır qələbə üzünə həsrət qalan “Muğan” uğursuzluq zolağından çıxa bilmir.

“Qəbələ” ilə “Olimpik-Şüvəlan”ın hələ ötən mövsümdən kubokda haqq-hesabları var. Qəbələlilər həmin vaxt rəqibindən bu yarışda üstün olmuşdusa, indi “Olimpik-Şüvəlan” daha şanslıdır. Yəni, Ramiz Məmmədovun komandası qapısından top buraxmamaq şərti ilə böyük hesabla qalib gəlməlidir. 41 yaşlı mütəxəssis Əsgər Abdullayevi Premyer Liqanın ilk dövrəsində Qəbələdə yenə bilib – 2:1.

“Turan”la “Standard” isə son bir həftədə artıq üçüncü dəfə görüşəcək. Özü də bu oyunların son ikisi Tovuzda təsadüf edir. Böyükağa Hacıyev az öncə baş məşqçi postuna keçdiyi “Standard”a cari mövsümdə ilk qələbəni məhz kubokda “Turan” üzərində qazandı - 3:1. Ancaq tovuzlular Premyer Liqada bunun əvəzini artıqlaması ilə (3:1) çıxdılar. “Turan”a “Standard”ı ölkə kubokunda da üstələmək üçün elə 2:0 hesablı qələbə də yetərlidir.

Cavab görüşləri ilk oyunlarla müqayisədə 30 dəqiqə tez başlayacaq. Bu da əlavə vaxta ehtiyacın yarana bilmə ehtimalı ilə bağlıdır. Əksər stadionlarda süni işıqlandırma olmadığından görüşlər 13:30-da başlayacaq.

Azərbaycan kuboku, 1/8 final mərhələsi
Cavab oyunları

13:30. "Gəncə" - "Simurq"

Gəncə. Şəhər stadionu
İlk oyun - 0:2

13:30. "Qəbələ" - "Olimpik-Şüvəlan"
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
İlk oyun – 0:2

13:30. "Şahdağ" - "Qarabağ"
Qusar. Şövkət Orduxanov adına şəhər stadionu
İlk oyun – 0:4

13:30. "Muğan" - "Xəzər-Lənkəran"
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk oyun – 1:3

13:30. "Bakılı" - "Bakı"
“Bakı. “Şəfa stadionu
İlk oyun – 0:6

13:30. "Turan" - "Standard"
Tovuz. Şəhər stadionu
İlk oyun – 1:3

13:30. "Neftçi İSM" - "Neftçi"
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
İlk oyun – 0:5

13:30. "Karvan" - "İnter"
Yevlax. Şəhər stadionu
İlk oyun – 0:4