Niyə yenə Berti Foqts?
10.11.2009 - 13:04
Niyə yenə Berti Foqts?
Azərbaycan futbol yığmasının sayca 3-cü əcnəbi baş məşqçisi Berti Foqts daha iki il ölkəmizdə çalışacaq. AFFA rəhbərliyi 63 yaşlı mütəxəssislə bu gün yeni müqavilə bağlayıb. Bu isə o deməkdir ki, Foqts Azərbaycan milli komandasında əcnəbi sələflərindən - braziliyalı Karlos Alberto Torres və makedoniyalı Qyoko Hacıyevskidən çox işləyəcək.

Eyni zamanda, almaniyalı çalışdırıcı yığmamızdakı fəaliyyət müddətinə görə, yerli məşqçilərin də hamısından stajlı olacaq. Hər halda, bunu zaman göstərəcək. İndi isə AFFA rəhbərliyinin nəyə görə Foqtsla yeni müqavilə bağlamasının səbəblərini araşdıraq. Görəsən, herr Bertinin hansı müsbət göstəriciləri assosiasiya rəsmilərini anlaşmanın müddətini 2 il uzatmağa razı salıb?

Səfərdə ilk qələbə
Ötən ilin aprelində milli komandamıza baş məşqçi təyin olunan Foqtsun fəaliyyətinin ilk ayları nə yaxşı alındı, nə də pis. Yoldaşlıq görüşlərində Bosniya və Herseqovinaya məğlubiyyət, Andorra üzərində qələbə, İslandiya ilə səfərdə heç-heçə, İranda minimal məğlubiyyət və dünya çempionatının seçmə qrup mərhələsində Lixtenşteynlə qolsuz bərabərlik. Məhz lixtenşteynliləri Bakıda uda bilməyimiz futbol ictimaiyyəti üzvlərinin almaniyalı məşqçiyə münasibətini mənfiyə doğru dəyişdirdi. Lakin işlər elə gətirdi ki, Foqts həmin Lixtenşteyni ötən ayın 10-da Vadutsda 2:0 hesabı ilə üstələyərək, futbol tariximizə düşdü: rəsmi matçlarda ilk səfər qələbəsinin müəllifi kimi.

Ardıcıl iki rəsmi oyunda xal
Oktyabrın 14-də paytaxtımızın qonağı olan Rusiya yığmasından da xal ala bildik. 1:1 hesabı ilə nəticələnən qarşılaşmanın ardından Foqtsun adı növbəti dəfə futbolumuzun tarixinə həkk olundu. Çünki milli komandamız ilk dəfə onun rəhbərliyi altında ardıcıl iki rəsmi görüşdə uduzmayıb: 1 qələbə, 1 heç-heçə.

Etibarlı müdafiə
2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi başa çatdıqdan sonra Foqtsun daha bir neçə uğurlu göstəricisi üzə çıxdı. Ən əsası, o, yığmamızda işlədiyi 20 ayda etibarlı müdafiə qura bilib. Futbolçularımız 10 seçmə matçda öz qapılarından 14 top buraxıblar (orta hesabla hər oyuna 1,4 qol). Herr Berti bu baxımdan İqor Ponomaryovun rekordunu qırıb. DÇ-2002-nin seçmə mərhələsi zamanı yığmamızı çalışdırmış Ponomaryovun komandası hər oyuna orta hesabla 1,7 qol buraxmışdı (10 matç, 17 qol).

Ən az böyük hesablı məğlubiyyət
Foqtsun dövründə rəsmi oyunlarda 7 dəfə məğlub olmuşuq. Bunlardan cəmi birində - bu il sentyabrın 9-da Almaniyaya qarşı səfər qarşılaşmasında böyük hesablı məğlubiyyətlə üzləşmişik (0:4). Qalan hallarda isə minimal fərqlə uduzmuşuq. Daha əvvəlki kimi, 0:10, 0:8, 0:7, 0:6, 0:5 hesablı məğlubiyyətlərin şokuna düşmürük. Almanların qapımıza 4 qol vurmasına gəlincə, təbii ki, nəticə üzücü idi, amma gözlənilməz deyildi. Axı, rəqib 3 qat dünya və 3 Avropa çempionu idi. Böyük hesabla az məğlub olmağımız da etibarlı müdafiənin bariz nümunəsidir.

Ağasəlim Mircavadov, Əsgər Abdullayev, bəlkə Nadir Qasımov?
Artıq milli komandamızı 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarına Foqtsun çıxaracağı dəqiqdir. Polşa və Ukraynanın birgə təşkil edəcəyi qitə çempionatının final mərhələsinə vəsiqə qazanmağımız inandırıcı görünməsə də, hər halda, qrupda yaxşı yerlərdən birini tuta bilərik. AFFA rəsmilərinin Foqtsun qarşısına hansı şərtlər qoyması hələlik açıqlanmır. Fikrimizcə, mövcud durumda baş məşqçinin qarşısına seçmə mərhələni 3-cü pillədə başa vurmaq vəzifəsi qoyulmalıdır. Çünki Foqts gələn ilin yazında milli komandamızda fəaliyyətinin 3-cü ilinə qədəm qoyacaq. Bu məqam almaniyalının qarşısına daha ciddi, konkret tələblər qoymağımıza imkan verir. Düzdür, bəziləri Foqtsun yığmamızdan qovulmasını, onunla əməkdaşlığa son qoyulmasını istəyir. Ancaq belələri nə qədər dayaz düşündüklərinin fərqində deyillər. Tutaq ki, Foqts yığmadan uzaqlaşdırıldı, bəs onun yerinə kimi təyin etmək lazımdır? Moskva və Sankt-Peterburqdan o tərəfə keçə bilməyən Ağasəlim Mircavadovu? “Olimpik-Şüvəlan”ın baş məşqçisi postunda futbol zövqümüzü korlayan Əsgər Abdullayevi? Yoxsa Nadir Qasımovu?

Heç Foqtsun əvəzinə digər əcnəbi mütəxəssisin gətirilməsi də məqsədəuyğun deyil. Ölkəmizə xaricdən gətiriləcək yeni məşqçi komandanı qurmaq, formalaşdırmaq üçün ən azı bir seçmə mərhələ, yəni 2 il vaxt istəyəcək. Axı, heç bir tanınmış, istedadlı məşqçi yığmamıza təyin olunan kimi, sadəlövhlük edib, yüksək nəticələr qazanacağına söz verməz. Deməli, ən yaxşı variant yola Foqsla davam etməkdir. Allah bizə yar olsun!